Rusiyada ilin yol cəriməsi rekordu: 400 min rubl

09:40 27.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2024-cü ildə Rusiyada yol hərəkəti qaydalarını pozan sürücülərə verilən ən yüksək cərimə 400 min rubl (7400 manat) olub. MTS Bank analitiklərinin araşdırmasına görə, bu il yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin orta məbləği 510 rubl müəyyən edilib ki, bu da ötən illə müqayisədə 4 faiz artım deməkdir.

Hafta.az-ın yazdığına görə, MTS Bankın analitikləri bildiriblər ki, ən yüksək cəza “ağır avtomobil (yük maşını) yol hərəkətində icazə verilən ölçüləri 50 santimetrdən çox aşdığına görə tətbiq edilib.

İlk yeddi ayda ən çox yol hərəkəti qaydalarının pozulması sürət həddini 20-40 kilometr aşmaq olub ki, bu da ödənilmiş cərimələrin 32,2 faizini təşkil edib.

İkinci yerdə təhlükəsizlik kəmərindən və ya motosiklet dəbilqəsindən istifadə qaydalarının pozulması qərarlaşıb və bu pozuntu cəzaların 4,5 faizinə bərabərdir.

Üçüncü yerdə yol nişanlarının və ya yol cizgilərinin pozulması olub ki, bu da cərimələrin 2,9 faizini təşkil edib.

Analitiklər qeyd ediblər ki, bu il ümumilikdə yol hərəkəti cərimələri 4 faiz azalıb, lakin nəqliyyat vasitəsi sahibinin ödədiyi cərimələrin orta sayı 4,1-dən 4,3-ə yüksəlib. Bankın müştərisi 7 ayda cəmi 470 cərimə alaraq rekord qırıb.

Ən çox yol hərəkəti qaydalarının pozulması Moskvada qeydə alınıb. Moskvada tətbiq edilən cərimələr ölkə üzrə tətbiqlənən ümumi cərimələrin 20,5 faizini təşkil edib. Həmçinin ilk beş əyalət arasında Sankt-Peterburq (2,7 faiz), Tatarıstan (2,2 faiz), Başqırdıstan (1,9 faiz) və Novosibirsk vilayəti (1,5 faiz) seçilir.