Son zamanlar Rusiyada taksi xidmətlərində böyük dəyişiklik, hətta belə demək mümkünsə, “üsyan hərəkatı” baş verir. Taksi sürücüləri, yüksək komissiya dərəcələri və dövlət tərəfindən tətbiq edilən yeni qaydalar səbəbiylə məşhur taksi tətbiqlərini, xüsusən Yandex-i tərk etməyə başladılar. Qeydiyyatsız işə başlayan taksi sürücülərinin sayı sürətlə artır.
Hafta.az-ın yazdığına görə, sürücülər indi Telegram kimi sosial media platformalarında öz qruplarını yaradaraq müştərilərə birbaşa, “müstəqil və əlaqəsiz” xidmət göstərirlər. "Protaxi" adlı Telegram kanalının qurucusu və sürücüsü Yeqor bu mövzuda "Kommersant"a məlumat verərək, "Ağır komissiya dərəcələri və çətin dövlət qaydaları sürücüləri Yandex Taxi kimi tətbiqlərdən uzaqlaşdırır. Telegramda yaradılan qruplar daha çox şey təqdim edir" deyir.
Pressindex-in məlumatına görə, təkcə Telegram-da taksi xidməti göstərmək üçün açılan qrupların sayı 234-ə çatıb və bu qruplar müştəri tələblərini 29 müxtəlif bot vasitəsilə qarşılayır.
Eyni zamanda, VKontakte-də 3500-dən çox taksi qrupu fəal şəkildə xidmət göstərir. Bu platformalar vasitəsilə xidmət almağın digər cəlbedici cəhəti taksi qiymətlərinin tətbiqlərə nisbətən orta hesabla 20 faiz ucuz olmasıdır.
Digər tərəfdən, dövlətin taksi sənayesi ilə bağlı sərt qaydaları sürücülərin əksəriyyətini qeydiyyatsız işləməyə sövq edir. Forum Taxi şirkətinin prezidenti Oleq Amosov deyib: “Yeni qanunlar tətbiq olunmur, ona görə də taksi sürücüləri Telegram qruplarına keçirlər. Xüsusilə GPS siqnallarının qeyri-kafi olduğu ərazilərdə tətbiqlər işləmir, bu da Telegram və digər alternativ üsulları seçməyə məcburi edir”.
VTsIOM sorğusunun məlumatlarına görə, Rusiyada taksi müştərilərinin 76 faizi qiyməti ən vacib üstünlük meyarı hesab edir.
Bununla belə, “Kommersant”ın danışdığı bəzi ekspertlərin fikrincə, bu qeydiyyatsız xidmətlər həm sərnişinlər, həm də sürücülər üçün ciddi təhlükəsizlik riskləri yaradır. Ekspert Arseni Şelçin bu vəziyyətin sərnişinlərin təhlükəsizliyini təhlükə altına almaqla yanaşı, həm də dövlətə vergi itkisinə səbəb olduğunu bildirib. Ekspertlərin fikrincə, qeydiyyatdan keçməyən bazarın vergi itkisi 30 milyard rubla çatıb.