Rusiyada təslim olan 2500 ukraynalı əsgərin EDAM EDİLMƏSİNİ İSTƏDİLƏR

17:56 23.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Silahlarını yerə qoyaraq təslim olan və Azovstal Polad Zavodundan təxliyə edilən 2439 Ukrayna əsgərinin separatçı Donetsk vilayətində keçirilən məhkəmədə hakim qarşısına çıxacağı açıqlanıb. Kiyev əsgərlərin rus əsgərləri ilə dəyişdirilməsini təklif etsə də, rusiyalı deputatlar bu təklifi xoş qarşılamırlar.

Hafta.az bildirir ki, Ukraynanın liman şəhəri Mariupolda müqavimətin simvoluna çevrilən Azovstal Polad Zavodunun əsgərləri aylarla əsirlikdən sonra təxliyə edilib. Rusiya təxliyyə edilən əsgərlərin Donetsk bölgəsindəki keçmiş həbsxana kompleksinə yerləşdirildiyini açıqlasa da, təxliyə edilən əsgərlərin aqibətinin nə olacağı günlərdir müzakirə mövzusu olub.

Rusiya silahı yerə qoyan 2439 ukraynalı əsgərin həyat təhlükəsizliyini təmin edəcəyini və yaralıları müalicə edəcəyini vəd etmişdi, lakin Rusiya Dövlət Dumasında aparılan müzakirələr əsgərlərin taleyi ilə bağlı narahatlıqları artırdı.

Dövlət Dumasının bəzi qanunvericiləri ukraynalı əsgərlərə müharibə cinayətkarı kimi davranılmalı olduğunu iddia edirlər. Rusiya parlamentinin aşağı palatası Dumanın rəhbəri Vyaçeslav Volodin Ukraynanın mübadilə sorğusuna cavab olaraq deyib: “Nasist cinayətkarları barter oluna bilməz”.
Digər tanınmış siyasətçi əsir götürülmüş Ukrayna əsgərləri üçün ölüm cəzasının bərpasını təklif edib, daha əvvəl Ukrayna ilə sülh danışıqlarında iştirak edən nümayəndə heyətində olan Leonid Slutski isə əsirləri “insan paltarında olan heyvanlar” adlandırıb və onların yaşamağa layiq olmadığını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna əsgərlərinin hərbi əsir və ya “müharibə cinayətkarı” sayılacağı ilə bağlı sualları cavablandırmayıb.

İnterfaks xəbər agentliyi bu gün təxliyə edilən əsgərlərin Rusiya məhkəməsində mühakimə olunacağını açıqlayıb. Ukrayna əsgərlərinin hansı ittihamlarla üzləşəcəyi açıqlanmır, lakin məhkəmə prosesi separatçı Donetsk vilayətinə təyin edilib.

Oxunma sayı 2372