Kadr tapmaqda çətinlik çəkən Rusiya şirkətləri dünyanın hər bir bölgəsinə göz dikib. Türkiyə Rusiya şirkətlərinin ən çox kadr reklamı etdiyi ölkələr sırasındadır. Afrika da radardadır. İnsan resursları xidməti HeadHunter Rusiya şirkətlərinin yerləşdirdiyi reklamların Keniyada 39, Zimbabvedə isə 15 dəfə artdığını açıqlayıb.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, Rusiya şirkətləri Afrikada ən çox İT mütəxəssisləri axtarır. Qəzet Kamerun, Zambiya və Əlcəzair kimi ölkələrdə verilən reklamların 5-8 dəfə artdığına diqqət çəkib.
Reklam artımına görə ilk 10-luqda cəmi iki Avropa ölkəsi var. Albaniya 6-cı, Belçika isə 10-cu yerdədir.
Xəbərdə rus şirkətlərinin Keniyada yerləşdirdiyi reklamların sayının keçən ilin ilk yarısında 161-dən bu il 6400-ə yüksəldiyinə dair məlumatlar var.
O da öyrənilib ki, bu il Rusiya şirkətləri ilk dəfə Nepal, Baham adaları, Barbados, Malavi, İslandiya, Sierra Leone, Qabon və Mərkəzi Afrika Respublikası kimi ölkələrdə reklam verib.