Rusların ən çox qorxduğu şeylər: dronlar, ucuzlaşan rubl, səfərbərlik...

10:29 30.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya qorxu indeksi araşdırmasının üçüncü rübün nəticələri açıqlanıb.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, rusların ən böyük qorxusu “düşmən pilotsuz təyyarələri”dir. Bununla belə, analitiklər qeyd edirlər ki, üçüncü rübdə “hərbi qorxular” iqtisadi və mədəni narahatlıqlarla əvəzlənib. Buna uyğun olaraq, Rusiyada “Barbie” və “Oppenheimer” filmlərinin yayımlanmaması sosial media istifadəçilərini yeni səfərbərlik dalğasından daha çox narahat edirdi.

Sosial şəbəkələrdəki paylaşımlar əsasında aparılan araşdırmada 811 narahatlıq balı ilə birinci yeri “düşmən pilotsuz təyyarələri” tutub. Analitiklər bildirirlər ki, ruslar üçün “PUA” sözü “təhdid və təhlükə” ilə sinonimləşib.

Rusları ən çox narahat edən ikinci amil 273 balla “rublun ucuzlaşması”dır. İndeksdəki digər qorxuların ümumi balı 714-dür.

Bu narahatlıq mənbələri arasında benzinin bahalaşması, Avropaya səyahətin çətinliyi, yerli hava yollarının vəziyyəti, kosmos yarışında geriləmə, elektrikli skuterlər, səfərbərlik şayiələri, taksi qiymətlərinin artması və sair var.