Rusların xarici ölkələrdə mənzil alması azalıb

10:05 29.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşlarının xaricdə mənzilə tələbatı ilin birinci rübündə yarıbayarı azalıb.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdəığına görə, rublun ucuzlaşması, eləcə də ölkədən pul çıxarılmasının çətinləşməsi səbəbindən tələbat aşağı düşüb.

Xəbərə görə, xüsusilə Türkiyədə mənzilə tələbatda 3 dəfəyə qədər azalma var. Birləşmiş Ərəb Əmirliklərinə də marağın azalması müşahidə olunur.

Qəzetə danışan Prian.ru rəsmisi Filipp Beryozin dollar və avronun 2023-cü ilin əvvəlində 70-75 rubl arasında dəyişdiyini və 2024-cü ildə az qala üçdə bir dəyər qazandığını bildirib. Beryozin həmçinin son bir neçə ildə rusların daha çox Türkiyədən mənzil almaq istədiklərini və bu bazarın azalmasının ümumi tələbata təsir etdiyini bildirib.

TÜİK-in məlumatına görə, Rusiya vətəndaşları yanvar-fevral aylarında Türkiyədən 950 ev alıb. 2023-cü ilin eyni dövründə bu rəqəm 2700 civarında idi.

“Kommersant”a danışan daşınmaz əmlak agentliklərinin nümayəndələri qeyd edirlər ki, rusların Avropa ölkələrində mənzilə olan tələbatları sabit kursla gedir. Müvafiq olaraq, ümumi tələbatın təxminən yarısı Monteneqro, Gürcüstan, Albaniya və Serbiya kimi ölkələrə, eləcə də Avropa İttifaqına yönəlib.