“Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının Parlamentlərarası İttifaq çərçivəsində ilk koordinasiya iclası oldu”. Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında spiker S.Qafarova Cenevrə şəhərinə işgüzar səfəri ilə bağlı etdiyi çıxıxşı zamanı bildirib.
Spiker Asiya Parlament Assambleyasının roluna diqqət çəkib.
“Təşkilat Asiyada və dünyada əməkdaşlığın, sülh və sabitliyin möhkəmlənməsinə nail olmaq üçün cari məsələlərin və çağırışların həlli üçün ümumi səyləri birləşdirən parlament diplomatiyasının mühüm platformasıdır.
Asiya Parlament Assambleyası ilə Parlamentlərarası İttifaqın ümumi məqsədlər naminə fəaliyyətini və səylərini əlaqələndirməyin zəruriliyini qeyd edib.
S.Qafarova hər üç toplantıda bu ilin noyabrında Bakı şəhərində keçiriləcək COP29 konfransına hazırlıq işlərindən danışdığını qeyd edib.
“Ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” kimi qeyd olunur. Bu gün Azərbaycanın çox ciddi yaşıl enerjiyə keçid gündəliyi mövcuddur və ölkəmizdə bərpa olunan enerjinin həm istehsalına, həm də ixracına böyük investisiyalar qoyulur. İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərini təşviq etmək və hədəflərimizə çatmaq üçün bütün tərəflərin iştirakı vacibdir”-deyə S.Qafarova çıxışı zamanı bildirib.
Spiker Cenevrədə keçirilən bir sıra ikitərəfli görüşlərə diqqət çəkib. O, ICESCO-nun Baş direktoru, Serbiya, Əlcəzair, Qayana, Syerra-Leone, Qazaxıstan, Özbəkistan, Kot-Divuar parlamentlərinin sədrləri ilə görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərin nəzərdən keçirildiyini deyib.
“Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü də baş tutdu. Aparılmış müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları şəraitində iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlər nəzərdən keçirildi”
S.Qafarova Cenevrə şəhərinə işgüzar səfər uğurlu hesab edib.