Səudiyyə Ərəbistanında 2034-cü il dünya çempionatının keçiriləcəyi gözlənilən yeni Şahzadə Məhəmməd bin Salman stadionunun layihəsinin təqdimatı keçirilib.
Hafta.az-ın yazdığına görə, Ər-Riyaddan 40 dəqiqəlik məsafədə yerləşən Qiddiyada tikiləcək stadion bir çox qabaqcıl texnologiyalarla təchiz olunacaq, idman, əyləncə və mədəni tədbirlərə ev sahibliyi edəcək.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin adını daşıyan stadion 200 metr yüksəklikdəki Tuveyq dağlarında tikiləcək.
Bildirilib ki, stadionun perimetri ümumi uzunluğu 1,5 kilometrə qədər olan nəhəng ekranlarla örtüləcək. Bundan əlavə, stadionun döşəməsinin sökülərək yenidən yığılacağı, burada futbol matçları ilə yanaşı, reqbi, boks, qarışıq döyüş növləri və e-idman yarışlarının da keçirilə biləcəyi qeyd edilib.
Bildirilib ki, stadionun ilin bütün aylarında istifadə oluna bilməsi üçün ekoloji cəhətdən təmiz kondisioner sistemi də olacaq.
Böyük enerji sərfiyyatının qarşısını almaq üçün stadionun altında süni göl yaradılacaq və burada yığılan yağış sularının buz divarına vurulması nəticəsində əldə edilən soyuq havadan yayda stadionun soyudulması üçün istifadə olunacaq.
Şahzadə Məhəmməd bin Salman stadionunun planları vəliəhdin Qiddiya şəhər planını elan etməsindən bir neçə həftə sonra ortaya çıxıb.
Səudiyyə rəhbərliyinin açıqladığı ən böyük meqa layihələrdən biri olan Qiddiya şəhəri 360 kvadratkilometr sahədə 60 min binadan ibarət olacaq və orada 600 mindən çox insane yaşayacaq.
Qiddiya şəhərinin 325 mindən çox iş yerinin yaradılması, ümumi daxili məhsulun təxminən 135 milyard rial artmasına kömək etməsi və hər il 48 milyon ziyarətçi cəlb etməsi gözlənilir.
İki il ərzində şəhərdə ilk obyektlərin açılışı gözlənilir.