Səddam Hüseynin qızı 7 il müddətinə azadlıqdan məhrum edilib

10:50 23.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraq məhkəməsi ölkənin keçmiş prezidenti Səddam Hüseynin qızı Rəqadı mediada BƏƏS Partiyasının təbliğatını apardığını əsas gətirərək qiyabi olaraq 7 il həbs cəzasına məhkum edib.

Hafta.az-ın AFP-ya istinadən yazdığına görə, Rəqad barəsində çıxarılan hökm “2021-ci ildə mətbuatda çıxış etməkdə və yasaqlanmış BƏƏS Partiyasının ideyalarını televiziya kanallarında təbliğ etməkdə, onların yayılmasına töhfə verməkdə günahkar bilinib. 

İraq parlamentinin təsdiq etdiyi qanuna görə, BƏƏS Partiyasına mənsub olan, onu tərifləyən və ya dəstəkləyən hər kəs 15 ilə qədər həbs cəzası ala bilər.

Sənəddə hansı televiziya müsahibələrinin nəzərdə tutulduğu göstərilməsə də, Rəqad Səddam Hüseyn 2021-ci ildə "Al-Arabia" kanalına müsahibədə atasının hakimiyyəti illərində İraqın ən yaxşı dövrünü yaşayıb-yaşamadığına dair suala belə cavab verib: “Bəli, mən çox adamdan eşitdim ki, o günlər şərəfli günlər idi. İnsanlar şərəfli, böyük ləyaqətlə yaşayırdılar və heç kim onları incidə bilməzdi. Ümumiyyətlə, İraq sabit və zəngin idi”.

Sənədə əsasən, Rəqad Hüseynin də həbsinə order verilib. Rəqad, atasının rejiminin ABŞ ordusu tərəfindən devrilməsindən, qardaşları Uday və Qusayın öldürülməsindən aylar sonra, 2003-cü ilin iyul ayında qardaşı Rana və uşaqları ilə İordaniyanın paytaxtı Əmmana köçüb və o, hələ də orada yaşayır.