Şəhərlərarası avtobuslar yenilənəcək?

12:04 24.01.2026 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Şəhərlərarası sərnişin daşımalarının təşkili xüsusi yanaşma və standartlar tələb edir

Son illər Azərbaycanda şəhərlərarası sərnişin daşımalarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, Bakı şəhərindən ölkənin digər şəhər və rayonlarına həyata keçirilən şəhərlərarası daşımalarda avtobus parkının 40 faizi yenilənib. Bu proses həm nəqliyyat təhlükəsizliyinin gücləndirilməsi, həm də sərnişinlər üçün daha rahat və müasir xidmətin təşkili baxımından əhəmiyyətli hesab olunur.

Məlumata əsasən, şəhərlərarası marşrutlar üzrə daşıyıcıların seçilməsi məqsədilə son üç ildə genişmiqyaslı müsabiqələr keçirilib. Belə ki, 2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci il ərzində isə 495 marşrut reysi üzrə müsabiqə təşkil olunub. Müsabiqələrin nəticəsi olaraq “Neoplan Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”, “JAC Sunray”, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County” və “Golden Dragon” kimi tanınmış markalara məxsus 131 müasir avtobus şəhərlərarası daşımalar üçün istismara cəlb edilib.

Yeni avtobusların mərhələli şəkildə istifadəyə verilməsi diqqət çəkir. Belə ki, 24 avtobus 2023-cü ildə, 38 avtobus 2024-cü ildə, 69 avtobus isə 2025-ci ildə xəttə buraxılıb. Bu yanaşma daşımaların birdəfəlik deyil, planlı və davamlı şəkildə yenilənməsinə imkan yaradıb. Görülən tədbirlərin nəticəsində Bakıdan regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib. Mütəxəssislərin fikrincə, avtobusların istismar müddətinin azalması texniki nasazlıqların və yol-nəqliyyat hadisələri riskinin minimuma endirilməsi baxımından mühüm göstəricidir. Eyni zamanda, yeni nəqliyyat vasitələri sərnişin rahatlığı, kondisioner sistemləri və təhlükəsizlik standartları baxımından əvvəlki illərlə müqayisədə daha üstün imkanlar təqdim edir.

Şəhərlərarası daşımaların rəqəmsallaşdırılması da prosesin əsas istiqamətlərindən biri kimi ön plana çıxır. Hazırda paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96 faizi “biletim.az” portalına qoşulub. Elektron bilet sistemi sərnişinlər üçün bilet alışını asanlaşdırmaqla yanaşı, daşımalarda şəffaflığın artırılmasına və qeyri-rəsmi fəaliyyətin məhdudlaşdırılmasına xidmət edir.

Mövzu ilə bağlı texnika elmləri üzrə fəlsəfə doktoru, dosent, nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov bildirir ki, şəhərlərarası sərnişin daşımalarının təşkili xüsusi yanaşma və standartlar tələb edir. Onun sözlərinə görə, şəhərlərarası daşımaları yerinə yetirən avtobuslar ilk növbədə konstruktiv və funksional baxımdan şəhərdaxili və şəhərətrafı avtobuslardan fərqlənməlidir. “Məsələn, tutum məsələsinə baxsaq görərik ki, şəhərlərarası daşımada yalnız oturacaq sayına görə tutum müəyyənləşdirilir. Şəhərdaxilində isə ayaqüstə sərnişinlər də nəzərə alınır. Pik saatlarda bir kvadratmetrə düşən sərnişin sayı hesablanır. Şəhərətrafı marşrutlarda bu göstərici nisbətən az olur. Şəhərlərarası daşımada yalnız oturacaqlar nəzərdə tutulur və bu da avtobusun tutumunu müəyyənləşdirir”, – deyə ekspert qeyd edir.

F.Eyyubov vurğulayır ki, məhz bu səbəbdən şəhərlərarası sərnişin avtobuslarının qiymətində və konstruktiv quruluşunda ciddi fərqlər mövcuddur. Onun sözlərinə görə, bu avtobuslar təhlükəsizlik və rahatlıq baxımından daha geniş imkanlara malik olmalıdır və bu da onların yenilənməsini digər istiqamətlərlə müqayisədə daha çətin və daha baha prosesə çevirir. “Ona görə çalışırlar ki, şəhərlərarası avtobuslar elə seçilsin ki, həm təhlükəsizlik, həm də komfort baxımından üstün göstəricilərə malik olsun. Avtobus parkını tam yeniləmək üçün təkcə Bakıda deyil, eyni zamanda digər iri şəhər və rayonlarda da paralel şəkildə iş aparılmalıdır. Bu proses kompleks şəkildə həyata keçirilməlidir”.

Ekspertin fikrincə, son illər şəhərlərarası daşımaların idarə olunması istiqamətində müəyyən irəliləyişlər müşahidə olunsa da, hələ də çatışmazlıqlar qalmaqdadır. O bildirir ki, 2025–2030-cu illər üçün nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı proqram bu sahədə prosesləri sürətləndirəcək, lakin əsas məsələ görülən işlərin davamlı və sistemli xarakter daşımasıdır. “Bu işlər kampaniya xarakteri daşımamalı, müntəzəm və planlı şəkildə aparılmalıdır”.

F. Eyyubov həmçinin diqqətə çatdırır ki, sərnişin daşımaları sahəsində rentabellilik yüksək deyil və mənfəət adətən 6–8 faiz civarında dəyişir. Onun sözlərinə görə, bu gün şəhərlərarası daşımaların təşkili, logistikası və istismarı bir çox hallarda standartlardan aşağı səviyyədədir. “Biz şəhərlərarası deyəndə yalnız Bakı ilə bölgələr arasındakı əlaqəni nəzərdə tutmamalıyıq. Əslində, şəhərlərin özləri də bir-biri ilə əlaqəli olmalıdır. Bu istiqamətlərdə daşımaların səviyyəsi olduqca aşağıdır”.

O əlavə edir ki, problem təkcə iri şəhərlər arasında deyil, rayon daxilində də özünü göstərir. Kəndlərlə rayon mərkəzləri, qəsəbələrlə şəhərlər arasındakı nəqliyyat əlaqələri zəifdir və bu marşrutlarda istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyəti və standartları qənaətbəxş deyil. Hər bir marşrutun açılması elmi əsaslandırmaya söykənməli, marşrut pasportu tərtib olunmalı və burada məsafə, dayanacaqlar, tariflər, gediş sürəti kimi bütün göstəricilər dəqiq müəyyənləşdirilməlidir.

Ekspert hesab edir ki, inkişaf balanslı olmalı, yalnız paytaxt və iri şəhərlərlə məhdudlaşmamalıdır. Rayonlarda avtovağzalların vəziyyəti də ciddi narahatlıq doğurur və bu, birbaşa nəqliyyat infrastrukturuna mənfi təsir göstərir. Nəticədə, sərnişin daşımalarında xidmət keyfiyyəti aşağı düşür və vətəndaşların narazılığı artır.