Bu gün Azərbaycanda bütün sahələrdə dinamik inkişaf müşahidə olunur. Məhz dörd il əvvəl, 2018-ci ilin aprelində ölkəmizdə keçirilən seçkilərdə cənab İlham Əliyevin ölkə seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun rəhbərliyi ilə 2003-2018-ci illərdə ölkənin nail olduğu dinamik inkişaf kursunun, respublikada bütün sahələrdə, o cümlədən sosial sahədə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsinə şərait yaratdı. Dövlət başçısının tapşırıqları ilə 2018-ci ildən Azərbaycanda başlanan köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatı istiqamətində inqilabi addımların atılmasına, sosial müdafiə və sosial təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reaabilitasiya və sosial sahənin digər sektorları üzrə ötən 4 illik bir dönəmdə ciddi irəliləyişlərə imkan verdi.
Əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. 2018-ci ilin aprelində ölkə Prezidenti seçildikdən sonra onun imzaladığı ilk - 19 aprel 2018-ci il tarixli Fərmanın məhz şəhid ailələri ilə bağlı olması və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması da bunu sübut edir.
Fərmanla, həmçinin 2019-cu ilin yanvar ayında imzalanan Fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edildi: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının -12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu.
Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı isə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) ilə təminatını nəzərdə tutur və bu prosesə də yaxın vaxtlarda başlanacaq.
Eyni zamanda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarixi Zəfər əldə etdiyi, torpaqlarımızın Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edildiyi 44 günlük Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Şanlı tarixi Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş istiqamətləri əhatə edən sosial dəstək proqramı icra olunur. Bu proqram üzrə mühüm sosial dəstək tədbirlərindən biri kimi şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı cənab Prezidentin Sərəncamı ilə 2021-ci ildə 5 dəfə genişlənib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə onlara 3 min mənzil və fərdi ev verilməsi proqramı uğurla icra olunub ki, bu da 2018-ci ilə nisbətən 5 dəfə çoxdur. Ümumən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Eyni zamanda, dövlət başçısının 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir. Digər həssas qruplardan olanların (gözdən əlilliyi olanlar, dövlət uşaq müəssisələrinin məzunları) da ardıcıl şəkildə mənzillə təminatı həyata keçirilir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi, Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Bununla yanaşı, müxtəlif ərazilərdəki yeni yaşayış komplekslərində də bu kateqoriyalardan olan şəxslərin mənzillə təminatı işləri davam edir.
Dövlət başçısının tapşırığı ilə müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam edir. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, şəhid ailələri, qazilər və digər həssas qruplar daim dövlətin diqqət, qayğısı ilə əhatə olub:
“Son 4 ildə möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmizdə əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində böyük işlər görülüb. Eləcə də, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.
Baxmayaraq ki, bu gün dünya ölkələri baş verən qlobal problemlər fonunda çox böyük maliyyə sıxıntıları yaşayırlar, təbii ki, belə bir vəziyyətdə Azərbaycanın sosial sahədə əldə etdiyi uğurlar həqiqətən də qürurvericidir. Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan 3000-ə yaxın şəhidimizin ailəsinin, 3000-ə yaxın qazimizin ailəsinin mənzil təminatının yaxşılaşdırılması dünyada nadir haldır. Hətta müharibənin gedişatı vaxtında möhtərəm Prezidentimiz 100 mindən çox şəxsi heyəti olan yəni, əsgər və zabiti olan ordunun hər birinin dövlətimizin ən yüksək qayğı və diqqətinə şamil olunacaq fikirlərini səsləndirirdi. Yəni, müharibədən sonra qısa müddət ərzində də biz bunun şahidi olduq.
Möhtərəm Prezidentimiz dəfələrlə çıxışında deyib ki, 2003-2005-ci ilə qədər tamamilə bu qrupdan olan insanların, yəni şəhid, qazi, müharibə veteranları onların heç bir problemi qalmamalıdır. Yəni, mənzil məsələsi tamamilə həll olunmalıdır, ehtiyacı olanların avtomobillə təmin olunması, daha doğrusu minik nəqliyyat vasitəsi ilə təmin olunması məsələsi tamamilə yekunlaşdırılmalıdır. Artıq ölkəmizdə qaçqın və məcburi köçkün sözü keçmişdə qaldı. 2020-ci ilə qədər məcburi köçkün və qaçqınlar üçün əgər şəhərciklər, qəsəbələr salınırdısa da artıq işğaldan azad olunmuş ərazilərimizdə öz yurd-yuvalarında onlar üçün yeni şəhərciklər, qəsəbələr, kəndlər salınacaqdır. Bu Azərbaycanın sosial siyasətdə əhalinin həssas qrupuna, sosial təbəqəyə olan diqqətinin ən yüksək səviyyədə olmasını göstərir. Bir neçə ölkə var ki, məsələn, bu saat orada da müəyyən silahlı münaqişələr var, orada da şəhidlər, qazilər var.
O ölkələrdə şəhid ailələrinin və yaxud qazilərin heç bir sosial problemi həll olunmayıb. Yəni bu Azərbaycanda belə bir vəziyyətdə bir tərəfdən böyük bir müharibə aparıblar, digər tərəfdən torpaqlarımızı işğaldan azad etdik, digər tərəfdən biz ərazini minalardan təmizlədik, digər böyük quruculuq işləri görülür, beynəlxalq səviyyəli lahiyələr həyata keçirilir, digər tərəfdən də dünyanın bir parçası olan ölkəmizdə də pandemiyaya qarşı qlobal təhlükə olan koronavirus pandemiyasına qarşı mübarizə aparılır. Bütün bunların fonunda Azərbaycanda əhalinin vəziyyəti müqayisə olunduqda hətta mən deyərdim ki, bir sıra Avropanın inkişaf etmiş ölkələri ilə də müqayisə edilə bilər.
Təbii ki, dövlətimizin imkanları artdıqca cənab Prezidentimiz sosial rifaha, sosial müdafiəyə daha çox vəsait resursu sərf edəcək. Çünki həm möhtərəm Prezidentimizin, həm də möhtərəm Birinci vitse-prezidentimiz siyasətinin təməlində hümanizm, ədalət və sosial rifah dayanır".