Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı dələduzluq edilib.
Hafta.az xəbər verir ki, bununla bağlı onun dostu sosial şəbəkədə paylaşım edib:
"Uşaq evində böyüyən şəhidimiz Səbuhinin qardaşı Sənana xarici nömrədən zəng edilib. Zəngi edən şəxs bloqer Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib. Sənan hesab nömrəsini deyib. Daha sonra ondan göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib. Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib. Azərbaycan dilində danışırmış. Zəng edilən nömrə +7939803-81-83".
Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi Elşad Hacıyev hafta.az-a açıqlamasında məsələnin nəzarətə götürüldüyünü bildirib:
"Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək".