Şəhid Zülfüqar Qubatov küçəsinin təmiri yekunlaşır - VİDEO

16:02 25.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Hökməli qəsəbəsində şəhid Zülfüqar Qubatovun adını daşıyan küçədə həyata keçirilən təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 600 metr uzunluğa malik Zülfüqar Qubatov küçəsinin eni 6 metrdir.

Layihəyə uyğun olaraq, sözügedən küçədə yararsız torpaq laylarının qazılması və çıxarılması, əks-dolğu və kipləşdirmə işləri, yeni yol əsasının hazırlanması və küçənin profilə salınması prosesi həyata keçirilib.

Hazırda “İnşaat Norma və Qaydaları”na uyğun olaraq əraziyə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Qeyd edək ki, 2025-ci il üzrə “İnvestisiya Proqramı” çərçivəsində Hökməli qəsəbəsində yerləşən, uzunluğu 400 metr olan Yusif Qarayev və uzunluğu 850 metr olan Elşən Müslümov küçələrində də analoji təmir-bərpa işləri aparılır.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.