Şərqi Türküstandakı Yarkənd-İlişku qırğınlarından 9 il ötür

11:30 31.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2014-cü ilin Ramazan ayında Çinin tətbiq etdiyi məhdudiyyətlər o zaman Şərqi Türküstan xalqını etiraz aksiyalarına sövq etmişdi. Uyğur türk ailəsinin Çin polisi tərəfindən öldürülməsi də Şərqi Türküstan xalqını Çinə qarşı hərəkətə keçməyə təşviq edən səbəblərdən biri olub.

Bəs Şərqi Türküstanda nə baş vermişdi, niyə qarşıdurma yaranmışdı?

Hafta.az-ın yazdığına görə, o vaxtlar Çin qüvvələrinin Ramazan ayında uyğur türklərinin yaşadıqları bölgələrə basqın etdiyi və evlərdə bir-bir axtarış apardığı məlum olub. Polis Kaşqar vilayətinin Yarkənd rayonunun İlişku qəsəbəsində evə basqın edərkən hicablı qadınların axtarışı ailə üzvlərini hiddətləndirib və tərəflər arasında dava düşüb. Polis ailə üzvlərini, o cümlədən bir uşaq və bir qocanı öldürüb.

Bu hadisələrdən sonra yüzlərlə şərqi türküstanlı 28 iyul 2014-cü ildə Yarkənt bölgəsində toplaşaraq Pekin rəhbərliyinin İslam dininin əmrlərinə qarşı həyata keçirdiyi tədbirlərə, Uyğur türklərinə qarşı atılan addımlara və Çinlə bağlı Uyğur səlahiyyətlilərinə etiraz ediblər.

Çin polisi isə Ramazan bayramının ilk günü nümayişlərə qatılan şərqi türkistanlılara müdaxilə edərək, Yarkəndin müxtəlif yerlərində silah və ağır bombardmanlarla cavab verib.

Polisin etirazçılara müdaxiləsindən sonra tərəflər arasında qarşıdurma yaranıb.

Çində fəaliyyət göstərən xəbər agentliklərinin yaydığı xəbərlərdə, "terrorla mübarizə" çərçivəsində müdaxilə edilən izdihamda onlarla uyğurun həyatını itirdiyi bildirilib.

Sürgündəki uyğur diasporu isə 28-31 iyul tarixləri arasında Çin ordusunun Yarkənt rayonunun İlişku qəsəbəsini ağır bombardman etməsi nəticəsində minlərlə uyğur türkünün həlak olduğunu və bu rəqəmin 2 mini keçdiyini iddia edir.

Çin qüvvələrinin bölgəni bombalaması nəticəsində 3 yaşayış məntəqəsi tamamilə dağıdılıb və nümayişlərdə iştirak edən minlərlə uyğur türkü saxlanılıb.

Dünya mətbuatına yazdığı məktubla Pekin rəhbərliyinin bölgədəki ambisiyalarının təfərrüatlarını sızdırmağa çalışan Yarkəntdən olan uyğur türkü Əbubəkir Rahimin 6 avqust 2014-cü ildə həbs olunduğu məlumdur.

Türkiyədə yaşayan Şərqi Türküstandan olan fəal, Şərqi Türküstan İnsan Haqları İzləmə Dərnəyinin baş katibi Nurəddin İzbasar, Yarkənt qırğınında yaşanan iztirabların şahidi olaraq, insan haqları pozuntularını və vəziyyəti bu cümlələrlə izah edib: “O dövrdə bütün Şərqi Türküstanda başlayan təzyiq və təqiblər fonunda Yarkənt və İlişkuda qarşıdurmaya səbəb verdi, Bu hadisələrə təsir edən amillərdən biri məsələn, Şərqi Türküstanda çinli sərxoş birinin maşınla  qucağında körpəsi olan ananı vuraraq öldürməsidir. Bu hadisədə çinli sərxoş cəza belə almadığı halda, hadisəyə reaksiya verən Uyğur türkləri saxlanılıb. Başqa bir halda, 18 iyul 2014-cü ildə Çin rəsmiləri ev-ev gəzərək bayaq qeyd etdiyim hicablı qadınlara basqın etdilər. Basqınların birində hicablı qadına zor tətbiq edən polis qadının atası tərəfindən öldürülüb. Hadisədən sonra Çin polisi kiçik uşaq da daxil olmaqla evdəki hər kəsi öldürür. Ən əsası isə 28 iyul 2020-ci il Ramazan ayının son günü Beşkənt kəndində qılınan təravih namazından sonra hicab qadağasına əməl etməyən onlarla qadın saxlanılır. Müsəlman uyğur türklərinin “Bu, dinimizin tələbidir, gizliliyimizə əl uzatırsınız” deyərək etirazları nəticəsiz qalır. Hadisə davaya çevrilir və qarşıdurmalar yaranır. Bütün Yarkənddə bu hadisələri eşidirəm. Xalqı qismən üsyana təhrik edir. Şərqi türküstanlılar bu hadisəni birmənalı şəkildə dəstəkləyirlər. Qarşıdurmalar ağır şəkildə davam edir. Çinlilərin əlində ən müasir silah olduğu halda, Şərqi Türkistan türkləri onlara kənd təsərrüfatı alətləri ilə cavab verə bilirlər. Bunun üzərinə Çin çox sərt şəkildə müdaxilə edir. Bölgəni havadan və qurudan mühasirəyə alan Çin ordusu müsəlmanlara qarşı çox amansızdır. Çin ona müqavimət göstərən 4 kəndi sözün əsl mənasında xəritədən silib. Orada ən azı iki min insanı öldürüb və ən azı 50 min nəfərin həbs olunduğunu bilirik”.

Siyasət rubrikasından digər xəbərlər