“Səudiyyə Ərəbistanı Azərbaycana görə 30 ildir bizimlə əlaqə qurmayıb” - Ermənistan prezidenti

11:30 27.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan prezidenti Armen Sarkisyan ərəb ölkələrinə səfərindən sonra, bu yaxınlarda “Arab News”a müsahibəsində bir çox maraqlı məqamlara aydınlıq gətirib. Deyə bilmərəm ki, bütün açıqlamaları adildir, hər halda adam istədiyini deyib.

Öncə o, Səudiyyə Ərəbistanına səfərini şərh edir. Deyir ki, Ermənistan müstəqilliyini bərpa edəndən bəri Azərbaycanla müharibə vəziyyətində olduğu üçün, Səudiyyə Krallığı Azərbaycanın mövqeyini müdafiə edib, İrəvanla diplomatik əlaqə qurmayıb. Bu səbəbdən də artıq 30 ildir Səudiyyə Ərəbstanı ilə xəyal etdikləri dövlətlərarası əlaqələrin verəcə biləcəyi töhfələrdən yararlana bilmirlər. Hansı ki, səudiyyəli iş adamları Ermənistanda biznes qura, iş yerləri aça və qarşılığında özləri də gəlir götürə, eləcə də bu ölkədən olan turistlər Ermənistanda dincələ bilərdilər və sair.

Bu yerdə, Sarkisyan yenə də erməni xislətinə sadiq qalaraq Ermənistanın dörd qonşusundan (Türkiyə, İran, Azərbaycan və Gürcüstan) heç birinin qondarma erməni soyqırımını tanımamasından gileylənir və Səudiyyə Ərəbistanı kimi, Türkiyənin də Azərbaycanı dəstəklədiyini qeyd edir. Bununla yanaşı o, deyib ki, müharibə Azərbaycanın qələbəsi və Rusiyanın vasitəçiliyi ilə başa çatıb, artıq bu çətin geosiyasi vəziyyətdən çıxmaq üçün gələcəyə nikbin baxmaq lazımdır.

Sarkisyan deyir ki, bu, 2018-ci ildə prezident seçiləndən sonra “ilk məqsədlərindən” biri məhz Səudiyyə Krallığı ilə diplomatik əlaqələr qurmaq olub. Nəhayət, arzusuna çatıb, çoxlarının “Səhrada Davos” adlandırdığı Gələcək İnvestisiya Təşəbbüsü konfransında məhz vəliəhd şahzadə Məhəmməd bin Salmanın yanında əyləşib...

“Biz tərəflərin millət, dövlət və fərd olaraq bir-birinə hörməti əsasında müzakirələr aaprdıq. Biz diplomatik əlaqələrimizdən də danışdıq. Mən Səudiyyə Ərəbistanının dövlət naziri və xarici işlər nazirini Ermənistana səfərə dəvət etdim. Müzakirəmizin üçüncü və ən mühüm hissəsi gələcəyə yönəldi, vəliəhdin öz ölkəsinin və ümumilikdə regionun gələcəyinə çox diqqət yetirdiyini gördüm. Biz istərdik tezliklə qarşılıqlı olaraq səfirliklərimizi açaq. Əlbəttə, bu xarici işlər nazirliklərinin işidir və yəqin ki, öz həllini tapacaq. Əslində, düzünü desəm, mənim üçün səfirliklər ikinci dərəcəli məsələdir, əsas vacib olan şey ölkələrimiz arasında dialoqa başlamaqdır ki, onu etdik”, - deyir A.Sarkisyan.

Sarkisyan ölkəsi ilə İran arasında münasibətlərə də toxunaraq bildirir ki, İran hər zaman Ermənistana dəstək verib. Hətta bəzi ərəb ölkələri onlardan üz çevirəndə, İrandakı erməni kilsələri və digər milli-dini obyektləri dövlət vəsaiti ilə təmir olunub. O deyir ki, İranla əlaqələrə hər zaman sadiq qalacaqlar və şəxsən hesab etmir ki, İrəvanın bu mövqeyi İranla yola getməyən ərəb ölkələri ilə qurulmaqda olan münasibətlərə ziyan gətirsin. Sözünə əlavə edən Sarkisyan vurğulayır ki, Türkiyə və Azərbaycanla münasibətləri problemli olan Ermənistanın dünyaya çıxış üçün iki qapısı qalır – Gürcüstan və İran. Bu səbəbdən də heç bir halda həmin qapıların bağlanmasına səbəb verəcək addımlar atmayacaqlar. Amma buna baxmayaraq, Səudiyyə Ərəbistanının da narahatlığını başa düşürlər.

Ermənistan prezidenti maraqlı bir gediş edib. Deyir ki, bəzilərinin iddia etdiyinin əksinə, Qarabağ münaqişəsi heç də xristian dövləti olan Ermənistanla müsəlman dövləti Azərbaycan arasında dini müstəvidə müharibə olmayıb. "Bu, heç vaxt dini müharibə olmayıb. Ermənistanın İslamın əsas din olduğu ölkələrlə yanaşı, İslamın yeganə din olduğu və hətta dövlət dini olan dövlətlərlə gözəl əlaqələri var. Məsələn, İrəvanın Pakistanla diplomatik əlaqələri yoxdur, amma mən onları qurmağa çalışıram Hansı ki, kimsə rəqibimi və ya düşməni dəstəkləyirsə, onunla danışmamalıyam. Pakistan gözardı edə biləcəyimiz ölkə deyil. Bizim Pakistanla müharibə etmək kimi fikrimiz yoxdur, əgər kimsə bunu deyirsə, tamamilə cəfəngiyatdır. Biz dialoqa çalışmalıyıq və bunun ölkəmizi hara apardığını görməliyik. Bu arada, Pakistanla dialoq qurmaqla, Hindistanla dərin və yaxşı münasibətlərimiz arasında ziddiyyət görmürəm”, - deyib A.Sarkisyan.

Sarkisyan Türkiyə ilə münasibətlərin normallaşdırılması və hər iki tərəfdən səslənən ilıq fikirlərə də toxunub. "Ermənistan siyasi müstəvidə, xüsusən də müharibədən sonra, təsəvvür etdiyiniz kimi parçalanıb. Əslində istənilən dövlət müharibədə uduzduqda daxili cəmiyyətində parçalanmaların yaşanması qaçılmazdır. Mən parlamentli respublikanın prezidentiyəm, dövlət başçısıyam, amma hökumətin işlərini idarə edən icraçı deyiləm. Türkiyə ilə münasibətlərə baxan da hökumətdir. Amma ölkələrimiz arasında istənilən razılaşmanı parlamentə gətirilmək üçün rəsmi prosesdən keçməlidir və sonda sənəd imzalanması üçün masama çatanda səsimi eşidəcəksiniz. Mən prezident kimi ya razılaşdığınız hər şeyi imzalaya bilərəm, ya da hesab etsəm ki, bu, dövlətin və xalqının milli maraqlarına uyğun deyil, onu Konstitusiya Məhkəməsinə göndərirəm ki, yüksək səviyyəli hüquqşünaslar bu məsələni müzakirə edib mənə məsləhət versinlər”, - deyir Sarkisyan.

Sarkisyan israr edir ki, davamlı sülhü təmin etmək üçün məhz azərbaycanlılar güzəşt təklif etməlidirlər. “Erməni tərəfinin bu gün güzəştə gedə biləcəyi o qədər də çox şey yoxdur. “Biz qalib gəldiyimiz 1994-cü ildən başlayaraq güzəştə gedə bilərdik. Daha amansız müharibədə minlərlə gənc canınan olmazdı. Buna baxmayaraq, müharibə Ermənistan üçün tam itki deyil” deyən Sarkisyan 100 il öncə yaşanan qeyri-dəqiq olaylara dönür. Bildirir ki, 1915-1916-cı illərin “soyqırımından” xilas olmuş ermənilərə körfəz ölkələri və ərəb dünyası sığınacaq verib.

“Onlar Suriyada, Livanda, Misirdə, Səudiyyə Ərəbistanı da daxil olmaqla, Körfəz ölkələrində evlər tapdılar. Fürsətdən istifadə edərək Yaxın Şərqin ərəb ölkələrinin rəhbərlərinə bizimlə qardaşlıq etdiklərinə görə təşəkkürümü bildirirəm. Bu dövlətlərdə əsas din və ya yeganə din İslamdır, amma onlar xristian erməniləri öz qardaş-bacıları kimi qəbul ediblər...”, - deyib erməni prezident.

Siyasət rubrikasından digər xəbərlər