Səudiyyə Ərəbistanı Krallığının KSrelief yardım agentliyi bir neçə ölkəyə yardım karvanları göndərib.
Hafta.az-ın yazdığına görə, bu proqram çərçivəsində Sudanın Sennar əyalətindəki həssas insanlara 30 min ərzaq səbəti çatdırılıb.

Proqram artıq iki ili tamam olacaq vətəndaş müharibəsi nəticəsində didərgin düşmüş insanlara dəstək olmağa çalışır.
Qeyd edək ki, KSrelief-in qida təhlükəsizliyi proqramı Gezira, Xartum, Qırmızı dəniz, Sennar və Ağ Nil əyalətlərində evlərinə qayıdan insanlara kömək edir.

KSrelief yardım agentliyi eyni zamanda, Liviyanın Suluq şəhərində 2907 nəfərə 600 ərzaq bağlaması paylayıb. Bu paylama Liviya Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində bu ölkədə Daniel siklonundan zərər çəkmiş ailələr üçün təcili ərzaq yardımı layihəsinin bir hissəsidir.
Eləcə də, KSrelief bu yaxınlarda Uqandaya 25 ton xurma göndərib.
Krallığın yardım missiyası bununla bitmir. Səudiyyə Ərəbistanının Minalardan Təmizlənməsi Layihəsi fevralın ikinci həftəsi ərzində müharibədən zərər çəkmiş Yəməndə təhlükə saçan 536 minanı taparaq zərərləşdirib.
SPA-nın məlumatına görə, təmizlənmiş hərbi sursatlar arasında doqquz piyada əleyhinə mina, 48 tank əleyhinə mina, 478 partlamamış hərbi sursat və bir əldəqayırma partlayıcı var.

Layihənin bazar ertəsi yaydığı bəyanatda deyilir: “Yəməndə münaqişə başlayandan bəri 5 milyona qədər insanın evlərini tərk etmək məcburiyyətində qaldığı təxmin edilir - onların bir çoxu torpaqlarında minaların olması səbəbindən didərgin düşüb”.
Layihənin başladığı 2018-ci ildən bəri Yəmən ərazisindən ümumilikdə 481766 partlayıcı qurğu çıxarılıb.
Səudiyyə Ərəbistanı hökuməti KSrelief vasitəsilə dünya üzrə həssas icmalara yardım göstərməyə davam edir.