Səudiyyə Ərəbistanında ilk dəfə Quruluş Günü qeyd olunacaq

13:50 20.02.2022
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının bir çox şəhərində fevralın 22-də keçiriləcək ölkənin Quruluş Gününü qeyd eləmək üçün təşkil olunacaq tədbirlərə tam sürətlə hazırlıq gedir.

Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz tərəfindən ötən ay imzalanan əmrə əsasən 22 fevral tarixi hər il ölkənin "Quruluş Günü" olaraq anılacaq və bu tarix qeyri-iş günü sayılacaq. 

Həmin qərarnamədə deyilir: “İlk Səudiyyə Dövləti 1727-ci ildə qurulub və 1818-ci ilədək fəaliyyətdə olub. Paytaxtı Diriyyə şəhəri olan və əsrlərlə sürən qeyri-sabit iç proseslər və parçalanmalardan sonra Ərəbistan yarımadasında təhlükəsizlik və birlik yaranıb. Turki bin Abdullah bin Məhəmməd bin Səud isə 1824-cü ildən 1891-ci ilədək fəaliyyətdə olmuş ikinci Səudiyyə dövlətini qurmağı bacarıb. Bundan 10 il sonra Kral Əbdüləziz bin Əbdürrəhman Feysəl Əl-Səud 1902-ci ildə Səudiyyə Ərəbistanı Krallığı adıyla üçüncü Səudiyyə dövlətini qurub. İlk Səudiyyə dövlətinin quruluşu 1727-ci ilin fevral ayına təsadüf elədiyi üçün 22 fevral tarixinin Quruluş Günü kimi qeyd edilməsinə və həmin günün qeyri-iş günü olmasına qərar verilib”.

Beləliklə, sözügedən qərar qüvvəyə minəndən sonra - fevralın 22-də ilk dəfə olaraq Quruluş Günü qeyd olunacaq. Paytaxt Ər-Riyadda, Vadi Namar bölgəsində 3,5 min sənətçinin iştirakıyla ölkənin üç əsrlik tarixinə işıq salacaq "Başlanğıc" adlı mərasimlər də daxil olmaqla, çox sayda tədbirin təşkili gözlənilir. 

Musiqili teatr perfomansı olan "Quruluş Operettası" fevralın 23-də Ər-Riyad Bulvarındakı "Mohamad Abdo Arena"da təqdim olunacaq və quruluş dönəmindən başlayaraq, 300 il boyunca davam edən 6 tarixi ikonanı canlandırılacaq.

24 fevral axşamı Ər-Riyad səmalarında fişənglər, dron təqdimatları və səs effektlərini özündə cəmləyən işıq şousu nur saçacaq. Tamaşaçılar bu şounu Kral Salman bin Əbdüləziz Yolu ilə Şahzadə Turki bin Əbdüləziz Yolu arasındakı qovşaqdan izləyə biləcəklər.

Ər-Riyaddakı Səudiyyə Ərəbistanı Milli Muzeyi 22-24 fevral tarixləri arasında Səudiyyə mədəniyyətini tərənnüm edən "Məclis" tədbirlərinə ev sahibliyi edəcək. Bu çərçivədə ilk Səudiyyə dövlətinin mədəni yönlərini sənədləşdirən bir sıra interaktiv seminarlar da düzənlənəcək.

Digər tədbirlər arasında ənənəvi bazarları təsvir etmə, Səudiyyə geyimləri və qəhvəsi, bir sənət sərgisi və tarixi mədəni seminarlarla yanaşı, hər yaş qrupuna uyğun müxtəlif proqramlar yer alacaq.