Son illər Səudiyyə Ərəbistanı Krallığı bir sıra müasir islahatları ilə dünyanın diqqətini çəkməkdədir. Bu istiqamətdə atılan addımlardan biri də Ciddə şəhərində təşkil olunmuş Beynəlxalq Qırmızı Dəniz Film Festivalıdır. Dekabrın 6-da start götürüb 15-dək davam edəcək festivalda dünyanın ən tanınmış kino ulduzları, Hollivudun və Kann Film Festivalının laureatları iştirak edirlər. Bunlardan Kandice Svanepoel, Hilari Svank, İrina Şeyx, Alessandra Amborsio, Katerin Deneuve və sairi misal göstərə bilərik. Açılışı ingilis estrada ulduzu Castin Bayberin konserti ilə başlayan festivalda Yunanıstan, Bolqarıstan, Gürcüstan, Banqladeş kimi ölkələr qatılsalar da, çox təəssüf ki, Azərbaycan kinematoqrafçıları bu tədbirdə öz filmləri ilə iştirak etmirlər.
Yeri gəlmişkən, festivala dünya ekranlarını kino və serialları ilə bəzəyən qardaş ölkə Türkiyə də qatılmayıb…

Qırmızı Dəniz Beynəlxalq Film Festivalı Komitəsinin sədri, eləcə də Səudiyyə Krallığının tanınmış rejissoru olan Məhəmməd əl-Türki “Al-Avsat”a müsahibəsində bildirib ki, 67 ölkədən gəlmiş kino xadimləri 34 fərqli dildə çəkilmiş 138 qısa və tammetrajlı filmlə festival rəng qatmaqdadırlar.
“Bu festival dünya rejissorlarının ərsəyə gətirdiyi filmləri tanımaq və aralarından ən yaxşısını seçmək üçün əla fürsətdir. Çox sayda dildə çəkilmiş ekran əsərləri arasında seçim imkanımız bol olan ərəb filmləri də var. Bu isə Ərəb Şərqindəki dinamiklikdən xəbər verir. Hesab edirəm ki, məhz bu festivalda yeni istedadları üzə çıxara biləcəyik” deyən Məhəmməd əl-Türki əlavə edib ki, Qırmızı Dəniz Film Festivalı, bəlkə də, ən sürətlə böyüyən film bazarının qapısını açmaqdadır. Müsahibin fikrincə, kinonun Səudiyyə Krallığına qayıtması, səudiyyəlilərə aid hekayələri və yaradıcılığı dünyaya tanıtmaqla yanaşı, Səudiyyə və ümumərəb kino istehsalçılarının beynəlxalq film festivallarına çıxmasında böyük rol oynayacaq.
Bu arada, sözügedən festival Ciddənin qədim bölgəsi olan Əl-Baladda təşkil olunub. Niyə məhz bu ərazi seçilib, önəmi nədir? Məhəmməd əl-Turki deyib ki, bu bölgənin adı UNESCO-nun mədəni irs siyahısındadır. Bu səbəbdən də tədbirin qlobal insani miras sayılan Əl-Balad kimi tarixi bölgədə keçirilməsindən qürur duyur. “Kino xalqları və mədəniyyətləri bu kosmopolitik şəhərdə bir araya gətirən vasitədir. Festivalın Ciddənin məhz Əl-Balad rayonunda keçirilməsi çox böyük planlaşdırma və hazırlıq tələb etdi. Gördüyünüz kimi, biz bunun öhdəsindən uğurla gələ bildik. Bu yeni festivaldır, sektor yenicə inkişaf etməyə başlayır və biz bunu nəzərə alırıq. “Kann”, “Venesiya” və “Berlin” kimi oturuşmuş festivallar da nə vaxtsa yeni olublar, amma onillər ərzində inkişaf edərək, möhkəm baza yaradıblar. Bu bizim ilk addımımızdır, lakin onun gələcəyi var. Festivalla bağlı ilk işlərə 2019-cu ildə start versək də, pandemiya buna mane oldu və biz planlarımızı təxirə saldıq. Nəhayət, bu gün belə möhtəşəm bir tədbiri Səudiyyə Ərəbistanını qürurlandıracaq şəkildə təqdim etməkdəyik” deyən əl-Turki əlavə edib ki, açılış mərasimini ərəb kinosunun ulduzu Leyla Ulvi və səudiyyəli rejissor Hayfa əl-Mansur edib. Eləcə də, kinoda qadınların roluna diqqəti çəkmək üçün Hollivud ulduzu Katerin Deneuve də səhnəni bölüşüb. Bundan əlavə, Səudiyyə Ərəbistanı ilə yanaşı, ərəb ölkələrindən çox sayda ulduzlar, rejissorlar, aktyor və aktrisalar festival şöhrət gətirməkdədirlər. O əlavə edib ki, dekabrın 15-dək dünyanın hər yerindən daha bir sıra kino xadimləri festivala təşrif buyuracaq.

Məhəmməd əl-Turki Səudiyyə Ərəbistanında yeni yaranmaqda olan kino sektorundan söz açıb. Deyib ki, Səudiyyə kinosu yeni sayıla bilər. Ancaq nəzərə almaq gərəkdir ki, kino qlobal sahədir və bütün insanları birləşdirən ünsiyyət vasitəsidir. “Səudiyyə kinosu yeni nəyisə kəşf etməyi yox, yeni hekayələri fərqli prizmadan və daha müasir üsullarla təqdim etməyi hədəf seçib. Kino bizi atmadı, biz də onu atmadıq. Ancaq bu gün yeni və yenilikçi kino səhnələrini yeniden inşa edəcək bənzərsiz mədəni inqilabla tanış oluruq”, - deyib.cənab əl-Turki.
Bu gün dünya koronavirus pandemiyasının əsirinə çevrildiyi və ortaya çıxan yeni Omikron ştammı sürətlə yayıldığı bir vaxtda festivalın necə keçirilməsinə və nə cür qabaqlayıcı tədbirlər alınmasına dair də bilgi verən Məhəmməd əl-Turki bildirib ki, pandemiyanın onların işinə çox ciddi çətinliklər yaratdığına şübhə yoxdur. Amma Səudiyyə Ərabistanı hökuməti öz vətəndaşlarının və qonaqların təhlükəsizliyini təmin eləmək üçün proaktiv hədəf seçib. Bu, gündəlik yoluxma sayının 40-dan az və iki dozada aşı vurduranların sayının 83 faizdən çox olmasıdır. Bununla yanaşı, təşkilatçılar hökumət nümayəndələri ilə birlikdə çalışıblar, daha öncə təşkil olunan Kann və Venesiya festivallarının təcrübəsindən yararlanıblar və sair. Qısası, ən yaxşı standartları tətbiq etməklə təhlükəsizlik tədbirlərini maksimum təmin etməyə çalışıblar.