Qazaxıstanın paytaxtı Astanada "Si Cinpin dövlət idarəçiliyi haqqında" adlı dördcildlik toplunun qazax versiyasının təqdimatı keçirilib.
Hafta.az-ın yazdığına görə, təqdimatda iştirak edən Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva deyib ki, Çin Qazaxıstan üçün etibarlı strateji tərəfdaşdır. İki ölkə liderləri arasında dostluq mübadiləsi və yüksək etimad ikitərəfli münasibətlərin inkişafına güclü təkan verib. Zəngin məzmunlu, dərin mənalı və praktiki əhəmiyyətə malik “Si Cinpin dövlət idarəçiliyi haqqında” kitabı Qazaxıstandakı oxuculara Çini daha yaxşı başa düşməyə kömək edəcək mühüm əsərdir.
Tədbir iştirakçıları kitabın Çinin dövlət idarəetməsi, Çini anlamaq məqsədilə beynəlxalq ictimaiyyət üçün “ideya pəncərəsi” açan Si Cinpinin mühüm əsəri olduğunu qeyd ediblər. Kitabın qazax versiyasının nəşri və yayılması iki ölkənin nəşriyyat və tərcümə dairələri arasında əməkdaşlığın yeni mühüm nailiyyəti olmaqla yanaşı, həm də təcrübə mübadiləsinin və idarəetmə sahəsində qarşılıqlı öyrənmənin bariz təzahürüdür. İştirakçılar bildiriblər ki, bu, iki xalq arasında qarşılıqlı anlaşma və yaxınlığa, gələcək Çin-Qazax icmasının qurulmasına güclü təkan verəcək.
Qeyd olunub ki, Çinin təklif etdiyi “Bir kəmər, bir yol” təşəbbüsü beynəlxalq ictimaiyyətin konsensusunu və əməkdaşlığını bir araya gətirən böyük təşəbbüsdür və bütün iştirakçı ölkələr bundan faydalanacaqlar. Vurğulanıb ki, bu kitab Çin və Qazaxıstan liderlərinin əldə etdiyi mühüm konsensusun həyata keçirilməsi, yaşıl inkişaf və modernləşməyə aparan yol axtarışında mübadilə və əməkdaşlığın daha da dərinləşdirilməsi, beləliklə, regionun və dünyanın sülh, sabitlik və inkişafına daha çox müsbət enerji vermək üçün fürsət olacaq.
Təqdimat mərasimində çinli və qazaxıstanlı qonaqlar birgə qazax dilində “Si Cinpin dövlət idarəçiliyi haqqında” dördcildlik toplusunu təqdim ediblər, Çin Qazaxıstan tərəfinə yeni kitablar təqdim edib, iki ölkənin ekspert və alimləri Çin və Qazaxıstanın dövlət idarəçiliyi sahəsində təcrübələri barədə fikir mübadiləsi aparıblar.
Tədbirdə Çin və Qazaxıstanın siyasi partiyalarının, mediasının, beyin mərkəzlərinin və universitetlərinin 300-ə yaxın nümayəndəsi iştirak edib. "Si Cinpin dövlət idarəçili haqqında" kitabının qazaxca nəşri Çinin Millətlər Nəşriyyat Evi və Qazaxıstanın Foliant Nəşriyyatı tərəfindən tərcümə olunaraq nəşr edilib.
Kitab bu günədək 42 dildə nəşr olunub.