Şimali Koreya Donbasa hərbi və polis işçiləri göndərəcək

17:31 02.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Şimali Koreya hakimiyyəti Rusiyada fəaliyyət göstərən ticarət şirkətlərinə Donetsk və Luqansk Xalq Respublikalarına bərpa işlərinə gedəcək kadrları seçməyi tapşırıb. Bu barədə “Daily NK” nəşri öz mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, sifarişi yanvarın 20-də KXDR Müdafiə Nazirliyinə bağlı Cholhyon Construction və Kumrung Construction şirkətləri alıb.

Onlar 19-27 yaş arası gəncləri seçməli idilər. Onların əksəriyyəti evlidir, lakin ailələri Şimali Koreyada qalacaq.

Mənbənin sözlərinə görə, söhbət ondan gedir ki, birinci partiyada 300-500 nəfər gedəcək, gələcəkdə onların sayı artırıla bilər. Nəşr KXDR-in bölgəyə mülki şəxsləri deyil, hərbçiləri və ya polis əməkdaşlarını göndərəcəyini bildirir. Qeyd olunur ki, onlar bu ilin fevral-mart aylarında Donbasa gəlməlidirlər.

Ötən ilin avqustunda Rusiya baş nazirinin müavini Marat Xusnullin bildirmişdi ki, Donbasın bərpasına KXDR-dən inşaatçılar da cəlb olunacaq. Onun sözlərinə görə, inşaatçılar hüquqi çətinliklər olmadığı təqdirdə Donbasa gedə biləcəklər.