Şirvanda insan alverinə qarşı mübarizə mövzusunda tədbir keçirilib

10:31 07.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Agentlyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizədə vətəndaş təşəbbüslərinin artırılması” layihəsi çərçivəsində növbəti tədbirini Şirvan şəhərində keçirib.

Şəhər Mərkəzi Kitabxanasında keçirilən tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Mətanət Zərbəliyeva mövzunun aktuallığı və bununla bağlı maarifləndirmə tədbirlərinin vacibliyi barədə danışıb. O qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən bu mövzularda mütamadi olaraq maarifləndirmə işləri aparılır, kitabxanada da mütamadi olaraq bu mövzuda tədbirlər keçirilir.

Layihənin rəhbəri, Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev problemin aktuallığından və  insan alveri cinayətlərinin dünyada yaratdığı fəlakətdən danışıb. O, bu mözuda beynəlxalq və yerli statistikanı səsləndirərək, bu sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. İlham Əliyev  insan alveri cinayətlərinin qarşısının alınması üçün vətəndaş həmrəyliyinə nail olunmasının vacibliyini söyləyib. Layihə rəhbəri qeyd edib ki, gənclər xaricə gedərkən valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar.

Layihənin eksperti, sosioloq Elçin Bayramlı gəncləri internet saytlarından və sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağa çağırıb və qeyd edib ki, insan alveri qurbanları əsasən uşaqlar, gənclər və savadsız insanlar olur: “Valideynlər xüsusilə diqqətli olmalı, azyaşlı uşaqları sosial şəbəkələrdən uzaq tutmalı, gənclərə isə nəzarət etməlidir. Bu sahədə maariflənmə vacibdir, media və qeyri-hökumət təşkilatları bu işdə fəal olmalıdırlar. Diləndirilən uşaqlarla, cinsi və digər məqsədlərlə istismar olunan vətəndaşlarla bağlı müvafiq orqanlara məlumat verməlidirlər. Ən əsası isə valideynlər uşaqlarını bu hallarla bağlı məlumatlandırmalı və onlara daim nəzarət etməlidirlər”.

Tədbir iştirakçıları da öz fikirlərini səsləndirib, layihə ekspertlərinə suallar ünvanlayıb. Şəhər ictimaiyyətinin nümayəndələri çıxış edərək bu sahədə maairflənmənin vacibliyini bildiriblər.

Sonda layihənin ekspertləri tərəfindən ictimaiyyət və media nümayəndələrini maraqlandıran suallara cavab verilib. İştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanıb.