Sisi misirlilərə iqtisadi vəziyyətlə bağlı söz verdi

09:45 18.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misir prezidenti Əbdülfəttah əs-Sisi Misir xalqını qlobal iqtisadi böhranın ölkəyə təsirləri barədə əmin edib. Sisi açıqlamasında hökumətin Kovid-19 pandemiyası və Rusiyanın Ukraynada apardığı müharibə ilə daha da ağırlaşan iqtisadi böhranın təsirini azaltmaq üçün çalışdığını və vətəndaşları nəzərə alan proqramların həyata keçirildiyini bildirib.

Hafta.az-ın yazdığına görə, Matruh əyalətində xalqla görüşən Sisi, bir çox insana təsir edən iqtisadi böhrana və qiymət artımına toxunaraq, “Biz bütün vətəndaşların və ölkəmizin rifahını istəyirik, başqa məqsədimiz yoxdur” deyən prezident Misir hökumətinin təkbaşına heç bir çətinliklə üzləşməyəcəyinə diqqət çəkib.

İqtisadi böhranın Misirin üzləşdiyi problemlərdən yalnız biri olduğunu deyən Sisi, ölkəsinin 2011-ci ildən bəri üzləşdiyi qeyri-sabitliyə, terrora meydan oxumasına toxunub və bildirb ki, bütün bunlar məhz misirlilərin əməyi sayəsində sona çatıb.

Misir prezidenti Liviya ilə ticarəti artırmaq üçün sürətli qatar da daxil olmaqla, bölgə xalqına böyük fayda verəcək layihələrə toxunub və 300 dekarlıq ərazidə iş imkanları təmin edəcək logistika sahəsi haqqında məlumat verib.

Misir hökuməti əvvəllər temperaturun kəskin artması ilə üst-üstə düşən elektrik enerjisi istehlakının yüksək göstəricilərinə qarşı mübarizə strategiyası hazırlayıb. Yeni strategiya ilə müxtəlif şəhərlərdə müəyyən saatlarda elektrik enerjisinin kəsilməsi tətbiq edilib.