Siyasi partiyalara nə qədər vəsait ayrılacaq?

15:27 07.09.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri siyasi partiya sisteminin yeni reallıqlar fonunda formalaşması, fəaliyyətinin dünya standartlarına uyğun nizamlanması baxımından yeni imkanlar yaradıb. Partiyalar müxtəlif sayda namizədlərlə seçkilərdə iştirak edib və bir neçə partiya uzun illərdən sonra ilk dəfə Milli Məclisə mandat ala bilib. Bununla da dövlət tərəfindən maliyyələşdirilən partiyaların sırasına daha bir neçəsi əlavə olunub. 

Qeyd edək ki, ilkin nəticələrə görə Milli Məclisin VII çağırış seçkilərində parlamentdə Yeni Azərbaycan Partiyası da daxil olmaqla, 10 siyasi partiya təmsil ediləcək. Beləliklə, YAP ən çox mandan qazanmış partiya ünvanını özündə saxlayıb. Onu üç nümayəndə ilə VHP, iki nümayəndə ilə Ədalət, Hüquq Demokratiya Partiyası izləyir. Digər partiyalar isə hərəyə 1 deputat mandatı ilə Ana Vətən, Böyük Quruluş, Azərbaycan Demokratik İslahatlar, Azərbaycan Demokratik Maarifçilik, Milli Cəbhə, Respublikaçı Alternativ partiyaları, eləcə də parlamentə yeni daxil olan AMİP, Böyük Azərbaycan Partiyası təmsil olunurlar.

Parlamentdə təmsil olunmayan 13 partiya da  dövlətdən maliyyə yardımı alacaq. Bu siyahıda Müsavat Partiyası, Ağ Partiya (AğP), Azərbaycan Ümid Partiyası (ÜMİD), Azərbaycan Xalq Partiyası (AXP), Azərbaycan Demokrat Partiyası (ADP), Ədalət Partiyası, Müasir Musavat Partiyası (MMP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Yeni Zaman Partiyası (YZP), Gələcək Azərbaycan Partiyası (GAP), Haqq Ədalət Partiyası (HƏP), Azad Vətən Partiyası daxildir. Qeyd edək ki, Azərbaycanda qeydiyata alınan 26 partiyadan yalnız biri – Azərbaycan Xalq Cəbhəsi Partiyası bütün seçkilərdə olduğu kimi növbədənkənar parlament seçkilərini boykot taktikasını seçib.

Qanuna əsasən parlamentdə təmsil olunmayan partiyalar da dövlətdən yardım ala biləcək. Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və maliyyənin ayrılması səs qazana bilən bütün partiyalara aid olacaq.

Yeni qanuna əsasən, dövlət tərəfindən ayrılan vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür. Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir. Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır. Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada,  aldıqları səsə uyğun olaraq bölünür.

Dövlətdən siyasi partiyalara ayrılan maliyə tutumu, bölünməsi qaydası parlamentdən kənarda qalan partiyaları  nə dərəcədə qane edir? Bununla bağlı Qanunda dəyişikliyə ehtiyac varmı? 

Xalq Partiyasının sədri Pənah Hüseyn bildirir ki, parlamentdə təmsil olunmayan partiyalara 300-400 manat verilməsi ehtimal olunur ki, bu da heç hesabatı hazırlayanların maaşı etmir.

“Əgər siyasi partiya kimi fəaliyyətimizi davam etdirsək, məsələni nəzərdən keçirib qərar qəbul edəcəyik. Doğrusu 300-400 manatlıq maliyyə yardımının qəbul olunması hesabat dövründə əlavə problemlər yaradır. Məndən asılı olsa, büdcənin xeyrinə bundan imtina edərəm”. 

Partiya sədri partiyalara maliyyə yardımının artırılması ilə bağlı xüsusi təklifinin olmadığını deyib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev seçkilərdə iştirakla bağlı təqdim etdikləri 13 namizəddən yalnız 3 nəfərinin iştirak edə bildiyini deyib.

Bu seçkidən sonra ruhdan düşdüyünü bildirən H.Hacıyev ayrılacaq maliyyədən də imtina etmək niyyətindədir. “Həmin maliyyə partiyada heç nəyi həll etmir, o pul mənə lazım deyil”- deyə partiya sədri bildirir.

H.Hacıyev  parlamentdə heç bir yer almadığına görə illərdir ona inanan partiya mənsublarına artıq deyəcək sözünün olmadığını bildirib. 

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirir ki, siyasi partiyalara maliyyə yardımının ayrılması partiyaların sağlamlaşması, dirçəlməsi və maddi, müstəqil olması baxımından dəstək verə bilər. Onun fikrincə,  dövlət qeydiyyatından keçmiş və seçki prosesində iştirak etmiş bütün partiyalara parlamentdə yer qazanmış partiyalar kimi ayrıca vəsait ayrılmalıdır.

“Bu ölkənin siyasi sisteminin güclənməsi üçün çox vacibdir. Əgər parlament partiyalarına 6 milyon manat ayrılırsa, parlamentdən kənar qalmış partiyalara bu məbləğin yarısı ayrılmalıdır ki, partiya institutu inkişaf edə bilsin, eyni zamanda. partiyaların seçkilərdə aktiv iştirakına stimul olsun. Dövlət qeydiyyatından keçmiş hər bir partiyanın 5000 üzvü var. Bu üzvlər dövlət büdcəsinə vergi ödəyirsə, bu, nəzərə alınmalıdır. Dövlətdən ayrılan maliyyə yardımını 6 milyon manat götürsək, bunun 5%-ı 300 min manat edir. 300 min manatı parlamentə düşməyən partiyalar arasında böldükdə bu məbləğ illik 18 min manat edəcək. Yəni aya, təxminən, 1500 AZN düşür. Bu isə istənilən məqsədə çatmaq üçün çox cüzidir”.

AĞ Partiya başqanın 1-ci müavini Əhəd Məmmədli “Siyasi partiyalar haqqında” qanunda dəyişikliklərlə bağlı qərara əsasən parlamentə keçə bilməyən partiyaların topladığı səsə uyğun maliyələşəcəyinin yeni xəbər olmadığını deyib. O, bu məbləğin partiyalar üçün çox cüzi olduğunu deyib.

“Ayrılan bu vəsait parlamentə keçən partiyalar üçün belə azdır. Bu, 300-400 manat edir ki, partiyalara heç nə vəd etmir. Siyasi partiyalar bu cür maliyyələşməməlidir. Siyasi partiyalar sistemini düzgün qurmaq istəyiriksə, maliyyələşmə də buna uyğun olmalıdır”.

ADP sədrinin müavini Taliyət Əliyev xatırladıb ki, dövlət tərəfindən partiyaların maliyyələşməsi ilə bağlı aparılan müzakirələr yeni deyil və bu 2022-ci ildə qəbul olunmuş "Siyasi partiyalar haqqında" qanunun tələbləri əsasında baş verəcək.

“Əvvəlki qanunlarda yalnız parlamentdə təmsil olunan partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulurdu. Yeni qanuna görə, parlamentdə təmsil olunmayan amma seçkilərdə iştirak etmiş etibarlı səs qazanmış partiyalar da maliyyə yardımı alacaq.  Bu cüzi rəqəm Partiyaların fəaliyyəti üçün yetərli rəqəm deyil. ADP olaraq seçkilərdə cəmi dörd nəfərimiz sona qədər iştirak etdi. İndi  onların topladığı səslərin nə olacağı barədə bizdə dəqiq məlumat yoxdur.  Buna uyğun olaraq partiyaya maliyyə yardımı ayrılacaq”.

T.Əliyev hesab edir ki, qanunun bu maddəsinin yumşalmasına ehtiyac var. Bu vəsait siyasi partiyaların inkişaf etdirilməsi, saxlanılması, maliyyə probleminin həlli üçün yetərli deyil.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimov “Siyasi partiyalar haqqında” qanuna görə parlament seçkilərində iştirak etmiş, lakin Milli Məclisdə təmsil olunmayan partiyalara da növbəti ilin büdcəsindən maliyyə vəsaiti ayrılmasını çox yaxşı addım kimi dəyərləndirir:

“Ədalət Partiyası seçkilərdə iştirak etsə də, Milli Məclisdə təmsil oluna bilmədi. Bununla belə dövlət büdcəsindən gələn il vəsait ala biləcək. Vəsaitin məbləği barədə dəqiq məlumatım yoxdur. Ona görə də vəsaitin bölgüsü barədə indidən nəsə demək çətindir. Nəzərə almaq lazımdır ki, bu sahədə ilk təsəbbüslərdir, onu yalnız alqışlamaq lazımdır. Hansısa ciddi catişmazlıqlar olarsa, gələcəkdə müzakirə etmək və aradan qaldırmaq olar”.

Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) sədrinin müavini Həbib Ələkbərsoy qeyd edib ki, təkcə partiyaların maliyyələşməsi deyil, ümumiyyətlə, hakim partiyanın digər partiyalarla konstruktiv münasibətdə maraqlı olması, xüsusən dövlət orqanları ilə partiyalar arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, eləcə də partiyaların dövlət tərəfindən qərərgahla təmin olunması və maliyyə dəstəyinin verilməsi ümumilikdə çoxpartiyalı sistemə verilən dəstək kimi qiymətləndirilə bilər və bu da olduqca təqdirəlayiq addımdır. Partiyaların maliyyələşməsinə gəlincə H.Ələkbərsoy hesab edir ki, ayrılan vəsait bir partiyanın fəaliyyəti üçün əlbəttə qanedici məbləğ deyil.

“Dövlətin bugünkü mövcud imkanları daxilində atılan addım mahiyyət etibariylə təqdirəlayiqdir. Bu gələcək perspektivlərin bazasıdır. Xüsusən müxalif partiyaların fəaliyyət üçün maddi imkanları olduqca məhduddur. Məsələyə “Güclü müxalifət güclü iqtidardır, güclü iqtidar da güclü dövlətdir” deyimi ilə yanaşdıqda, qanundakı son dəyişikliklə parlamentdə təmsil olunmayan partiyalara ayrılan maliyyə dəstəyinin məbləği olduqca kiçik bir rəqəmdir. Hesab edirik, bu, çoxpartiyalı sistemin  qorunması istiqamətində atılan təqdirəlayiq addımdır”.

Siyasət rubrikasından digər xəbərlər