Möhtərəm cənab Prezident.
Ulu öndərimiz Heydər Əliyevin “Kiçik bir Azərbaycan” adlandırdığı gözəl Sumqayıt şəhərinin ağsaqqalları adından Sizi salamlayıram.
Ulu Öndərimiz Sumqayıta, onun zəhmətkeş insanlarına və şəhərimizin inkişafına çox böyük diqqət yetirirdi. Sumqayıtın bir şəhər kimi formalaşması və inkişafı böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Biz sumqayıtlılar çox sevinirik ki, Ulu Öndərimizin şəhərimizə olan bu isti münasibəti Sizin tərəfinizdən uğurla davam etdirilir. Birbaşa diqqət və qayğınız sayəsində, xüsusən son illərdə şəhərimizdə yaradılan çoxsaylı sosial-ictimai və sənaye müəssisələri Sumqayıtı daha da inkişaf etdirmiş və müasir, abad, işıqlı bir şəhərə çevirmişdir.
Cənab Prezident, koronavirus pandemiyası nəticəsində bu gün dünya iqtisadi çətinlik və böhran girdabındadır. Mövcud çətinliklərə baxmayaraq, respublikamızda nəzərdə tutulan sosial layihələr dayandırılmır, qrafikə uyğun olaraq öz həllini tapır. Heç bir sosial proqram ixtisar olunmayan Azərbaycanda dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sumqayıt şəhərinə çəkilən yeni magistral qaz xətti də Sizin sumqayıtlılara yeni töhfəniz oldu. Bu alternativ qaz kəməri ilk növbədə sakinlərimizi və eləcə də sənaye müəssisələrini dayanıqlı qazla təmin edəcəkdir.
Hörmətli Prezidentimiz, Sərəncamlarınız və verdiyiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu qorxulu və dəhşətli koronavirus pandemiyasının yayılma sürətinin xeyli aşağı salınması mümkün oldu. Dünyada koronavirusla mübarizənin çox yüksək səviyyədə və peşəkarlıqla təşkil olunduğu ölkələrdən biri də məhz Azərbaycandır. Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə pandemiyanın qarşısının alınması üçün görülən tədbirləri yüksək qiymətləndirir. Sizin tapşırığınıza əsasən şəhərimizdə ahıllara, 65 yaşdan yuxarı tənha insanlara, aztəminatlı ailələrə gündəlik qayğı və yardım göstərilir.
Cənab Prezident, həmişə olduğu kimi, bu gün də Sizin və Mehriban xanımın xalqa hansı məhəbbətlə bağlı olduğunuzu görürük. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər də xüsusi alqışalayiqdir. Siz həmişə əsl rəhbər kimi hər birimizə dayaq, dəstək olmusunuz. Sizə Sumqayıtın çoxsaylı ağsaqqallarının, şəhər əhalisinin dərin hörmət və ehtiramını, şəhərimizin inkişafına, çiçəklənməsinə göstərdiyiniz diqqətə və qayğıya görə minnətdarlığını, təşəkkürünü çatdırıram. Xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə Sizə, hörmətli Mehriban xanıma, ailənizə möhkəm cansağlığı, daha böyük uğurlar arzu edirik.
Uca Tanrı Sizi Qorusun!
Dərin hörmətlə,
Müzəffər Gülümov
Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü