Bu xidmət mülkiyyət sahibindən asılı olmayaraq istənilən rəsmi müraciət edən şəxsə göstərilə bilər. Bununla bağlı vətəndaş “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərinə şəxsiyyət vəsiqəsinin əsli, həmçinin smart tipli sayğacın nömrəsi və yaxud abonent kodunu təqdim edərək, kartın dəyərini (10 AZN) ödəməklə yeni kartı dərhal əldə edə bilərlər.
***
- Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?
- Mövcud qaydalara əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.
***
- Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş neçə kiloqram ərzaq məhsulu güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilə bilər?
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nın 2.1.11-ci bəndinə müvafiq olaraq, hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilə bilər.
***
- Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunvericiliklə necə tənzimlənir?
- “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtdan borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırılmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
***
- Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış itirildikdə onu yenisi ilə əvəz etmək mümkündürmü?
- Azərbaycan Respublikası Prezidentinin 17.06.2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”nin 2.5-ci bəndinə uyğun olaraq dövlət reyestrindən çıxarış itirildikdə dublikat verilir. Bu halda dövlət reyestrindən çıxarışın yuxarı sağ tərəfinə iri hərflərlə “DUBLİKAT” ştampı vurulur. Həmin təsvirin 2.6-cı bəndinə uyğun olaraq dublikatın alınması ilə bağlı ərizəyə çıxarışın itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi və daxili işlər orqanlarının müvafiq arayışı əlavə edilməlidir.