Sms-lərin açıqlanması Makronun ermənipərəst mahiyyətini bir daha ortaya qoydu - Rəylər

12:28 28.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Fransa  erməni lobbisinin təsirindən çıxa bilmir.  Makronun Ermənistanın baş Naziri Nikol Paşinyana münasibətində baş verən dəyişikliyə diqqət çəkən ekspertlər, Makronun Qarabağ məsələsində “fransız” qaldığını bir daha önə çəkib.  Makron niyə erməni təsirindən çıxa bilmir?

 Hafta.az məsələ ilə bağlı politoloqlar və KİV rəsmisinin təhlillərini öyrənib.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Fransa prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyana göndərdiyi sms-ləri iki hissəyə ayırmaq olar: müharibə getdiyi günlərdə göndərilən sms-lər və zənglər və 9 noyabrdan dərhal sonra olan sms-lər. Politoloq bu iki mərhələ arasında böyük fərqin olduğunu bildirib.

“Birincisi, Makron müharibə getdiyi günlərdə ümumi prosesə təsir edəcəyini düşünürdü. Makron Fransanın erməni lobbisinin üzvlərinə deyib ki, Paşinyan ona etdiyi zənglər zamanı ondan heç nə xahiş etməyib. Halbuki, Makron öz dəstəyini ifadə edib. Fikrimcə, Makron tam həqiqəti demir. Paşinyan mühariə getdiyi günlərdə məğlub olacağını anlayırdı və əlaqə saxladığı həmkarlarından əsas xahişi bu idi: “Azərbaycana və Türkiyəyə təzyiq edib, onları durdurun!”. Ola bilməz ki, Paşinyan Makrondan bunu xahiş etməsin. Sadəcə, Makron o dönəmdə bu xahişi yerinə yetirə bilməzdi. Fransa Azərbaycan ordusunu necə dayandıra və Türkiyəyə necə təzyiq edə bilərdi? Makron bizi nə ilə qorxuda bilərdi? Heç nə ilə. Fransanın Azərbaycanı durdurmaq üçün nə o zaman, nə də indi əlində gərəkli alətləri var.

Bəs onda Makron nədən Paşinyanı sms-lə bağlı açıqlamasıyla pis vəziyyətə qoyub? Axı Makron və Paşinyan qardaş kimi idilər. Görünür, Makron kapitulyasıyadan sonra Paşinyanı “baqaşa” qoymaqla erməni cəmiyyətinə mesaj yollayır ki, “məğlubiyyətinizdə mənlik bir iş yoxdur, əlimdən gələni etməyə çalışdım, Sizin baş nazir passiv qaldı”.

Makronun sözlərinə görə, o kaputilyasiyadan sonra da Paşinyana yardım etmək istəyib. Makron təəccüb edib ki, Paşinyan öz təşəbbüsü ilə onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb. Makron deyib: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?". O, həmçinin Fransanın necə davranmalı olduğu ilə maraqlanıb.

Məsələ burasındadır ki, Paşinyan kapitulyasiya aktını bir neçə saat ərzində imzalamalıydı, onun üçün hər dəqiqənin qiyməti var idi. Ermənilər Şuşaya nəzarəti itirdilər və Azərbaycan ordusu bir neçə saata bütün erməni silahlı qüvvələrini mühasirəyə alacaqdı. Bu halda Paşinyanın köməyinə yalnız Rusiya çata bilərdi. Ona görə də Paşinyan Putinlə təmas qurdu. Əgər Paşinyan Putinin başı üzərindən Makrona zəng edib “məni xilas et və Ermənistanı kaputilyasiya aktından qoru” desəydi, Kreml sahibi Paşinyanın dərsini verəcəkdi. Həm də axı Makron kapitulyasiya aktının imzalanmasına necə mane ola bilərdi? Mane olsaydı, Azərbaycanın işini rahatladacaqdı, ordumuz Xankəndinə daxil olub məsələni birdəfəlik həll edəcəkdi. Ona görə də Paşinyan Makronla telefonda və sms yazışmalarında vaxt itirməkdənsə, Ermənistanın gerçək sahibiylə - Rusiya ilə anlaşdı”.

Politoloq bildirib ki, Makronun sms-ləri həm də ondan xəbər verir ki, Minsk Qrupunun həmsədri olan ölkə Ermənistanı məğlubiyyətdən xilas etmək istəyib.

“Bu bizim üçün yeni xəbər deyil. Makron müharibə dönəmində və ondan sonra açıq-aşkar Ermənistanı müdafiə edib. Sadəcə, sms-lərin açıqlanması Makronun ermənipərəst mahiyyətini bir daha ortaya qoydu”

Poliroloq Elçin Mirzəbəyli, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Ordusunun əks-hücum və sülhə məcburetmə əməliyyatının ilk günlərindən işğalçı ölkənin – Ermənistanın siyasi rəhbərliyindən daha artıq canfəşanlıq nümayiş etdirməsi məqamına toxunub. Onun sözlərinə görə, bu, onun Nikol Paşinyana sonsuz SMS-ləri ilə bağlı etirafında da təsdiqini tapıb.

“44 günlük müharibə dövründə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən cavabı artıqlaması ilə verilən, sadə el dilində desək, ağzının payını alan bu adamın öz dərdinin nə olduğu sonunadək bəlli olmadı... Fransanın Cənubi Qafqazdakı maraqları, ATƏT-in Minsk Qrupunun həmsədri kimi 26 illik fəaliyyətsizliyinin cəhənnəmə yola salınması qarşılığında yerlə bir olan nüfuzu, erməni diasporu və lobbisi, Türkiyə ilə bir neçə istiqamətdə toqquşan maraqlar  zatən bəllidir və siyahını genişləndirmək də olar. Amma Makronun Ermənistanın acı məğlubiyyəti fonunda, məğlub ölkənin özündən daha artıq “saç yolması” ortalıqda hələlik çözə bilmədiyim hansısa şəxsi nüansların olduğu ehtimalını yaradır... Bu adamın dərdi nədir, görəsən? Alternativini tapıb göndərək ki, aşırı əzab çəkməsin..”.

Politoloq bildirib ki, Emmanuel Makron ölkəsinin problemlərinin başdan aşdığı, COVİD-19 pandemiyasının tüğyan etdiyi bir zaman kəsiyində, işini-gücünü bir tərəfə ataraq Nikol Paşinyana fasiləsiz olaraq SMS göndərdiyini Ermənistanın kapitulyasiyasından sonra könüllərini almaq və təsəlli vermək üçün nahara dəvət etdiyi erməni icmasının münayəndələri ilə görüşündə dilə gətirib.

“Mənzərə göz qabağındadır. Makron nahara çağırdığı ermənilərə təsəlli verməklə yanaşı, həm də özünü təmizə çıxarmağa çalışır. Və bu özünü təmizə çıxarmaq istəyi o qədər güclüdür ki, Fransa Prezidenti dövlətlərarası münasibətdə əsas götürülən bütün yazılmış və yazılmamış qaydaları pozmaqdan, onunla Nikol Paşinyan arasında yaşananları detallarına kimi açıqlamaqdan belə çəkinmir. Həm də kimlərə? Erməni icmasının nümayəndələrinə… Nə üçün? Hansı səbəbdən? Emmanuel Makron erməni icmasına nəyin, yaxud nələrin müqabilində hansı vədləri veribmiş ki, indi vəziyyətdən çıxış yolunu Nikol Paşinyanı hədəfə çevirməkdə, suçu onun üzərinə atmaqda görür?

Məsələn, mən Fransanın daha öncəki dövlət başçılarının özlərini və ölkələrini bu qədər aşağılayaraq erməni diasporunun nümayəndələrinə hesabat verdiklərini təsəvvürümə gətirə bilmirəm. Ola bilsin ki, onlar Makrondan daha artığını ediblər, amma hər halda “tüstüsü çıxmayıb”. Necə deyərlər, babalı, məlumatsızlığın boynuna…

Daha öncə təqdim etdiyim iqtibasdan da göründüyü kimi, Makron Paşinyanı kapitulyasiya sənədini imzalamazdan öncə onunla əlaqə saxlamamaqda da suçlayıb. Guya Paşinyan Makronla danışsaydı, yaxud ona SMS yazsaydı, nə isə dəyişəcəkdi… Deyəsən sələfinin 2008-ci ildə hansı qapıdan və necə qovulduğunu yaddan çıxarıb. Ümumiyyətlə, unudub ki, 2005-ci ildən etibarən, Fransanın nə “kitab”ını oxuyan, nə də “dəftər”ini varaqlayan var və bu dövlətin iştirak etdiyi heç bir prosesin sonu sülhlə nəticlənməyib, daha böyük fəalkətlərə yol açıb.

Makronun Paşinyana yolladığı SMS-lərlə bağlı etiraflarında, onun Azərbaycana və Türkiyəyə olan aşırı nifrəti, aqressiyası açıq-aşkar sezilir. Yəni Emmanuel Fransanın prezidentindən daha çox faşist Qaragin Njdenin ardıcılı, yaxud beyni cəfəng ideyalarla zəhərlənmiş erməni separatçısı kimi danışır. Əks təqdirdə, ölkəsinin beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn mövqeyindən çıxış etməliydi. Məlum olduğu kimi, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan torpaqlarından erməni hərbi birləşmələrinin tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnaməni dəstəkləyib. Azərbaycan isə 30 ilə yaxın bir zaman kəsiyində icra edilməyən qənamələrin icrasını təmin edib və məntiqlə Fransa prezidenti səs verdiyi, imza atdığı qətnamələrin kağız parçası kimi zibil yeşiyinə atılmadığına görə sevinməliydi. Dövlətlərin səsi, imzası həm də onların nüfuzu deməkdir.

Makronun erməni icması ilə naharda səsləndirdiyi fikirlər, bir daha Azərbaycanın sülhə məcburetmə əməliyyatı ilə bağlı nə qədər doğru və tarixi bir addım atdığını bird aha sübuta yetirir. Çünki erməni icmasına hesabat verən, Azərbaycan xalqının 44 günlük Vətən Müharibəsi dövründə Nikol Paşinyan kimi zəng etmədiyi telefon qoymayan Emmanuel Makronun Fransanın ərazi bütövlüyümüzlə bağlı nə zamansa ədalətli mövqe sərgiləyəcəyini gözləmək sadəlöhvlük olardı… Makronun müharibənin ilk günündən davamlı şəkildə verdiyi açıqlamalarda yer alan fikirlər, bütövlükdə isə faəliyyəti əli, vicdanı (əgər varsa) milyonlarla günahsız insanın qanına bulaşan, müstəmləkəçi bir ölkənin başqalarını soyqırım törətməkdə ittiham etməsi qədər ikrah doğurur və klassik siyasi həyasızlığın bir şəxsin timsalında mutasiyaya uğramış yeni növü hesab oluna bilər”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli  Makron  rüsvayçılığını erməni KİV-lərinə istinadən təhlil edib. M.Ələsgərlinin sözlərinə görə, ilkin təəssürat budur ki, Ermənistan KİV-ləri Fransa prezidenti Emmanuel Makronun erməni icmasının nümayəndələri ilə 9 noyabrdan sonra keçirdiyi görüş zamanı səsləndiridiyi fikirləri detallı şəkildə ictimailəşdirməklə, daha çox Nikol Paşinyanı hədəf seçiblər.

“Görüş zamanı əsasən Paşinyanın davranışları müzakirə edilib, onun “şübhəli hərəkətlərinin” səbəbləri araşdırılıb. "Qraparak" nəşri vurğunu bu məqamın üzərində qurub ki, Makron erməni icması təmsilçilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib. Sonda özünün şəxsi qənaətlərini bölüşüb, Ermənistan baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini dilə gətirib. Makron 44 günlük müharibə zamanı Paşinyanla dəfələrlə əlaqə saxladığını, hətta SMS yazdığını, öz dəstəyini təklif etdiyini bildirib. Əlavə edib ki, Paşinyan insafən onun telefon zənglərinə , SMS-lərinə tez cavab verib, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib. Bununla da Makron Ermənistan ictimaiyyətinə təlqin edilən “Nikol Paşinyan satqındır” fikrinə dəstək verib. Yəni, guya ki, Paşinyan ondan kömək istəsəydi, 44 günlük müharibənin nəticələri fərqli ola bilədi, Ermənistan məğlub duruma düşməzdi”.

M.Ələsgərli hesab edir ki, Makronun fikirləri absurd olsa da, Ermənistan müxalifətinin işinə yarayır, Nikol Paşinyana qarşı ümumerməni hərəkatının alovlandırılması üçün ciddi arqumentdir.

Onun fikrincə, Ermənistan KİV-inin bu açıqlaması digər mühüm bir məqamın da üzərinə işıq salır. “Makron özünü o qədər ucuz tutub ki, yaxud, erməni lobbisindən o qədər asılı vəziyyətə salıb ki, Paşinyan “nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib”. Hətta üçtərəfli müqavilənin nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu da Makrondan soruşmayıb. Deməli, Paşinyan ya Makronun heç bir işə yaramayacağının, yəni, onun regionda gedən proseslərə təsir etmək imkanında olmadığının fərqinə varıb, ya da digər bir səbəbdən Makronu bilərəkdən kənar saxlayıb. Hər nə olursa-olsun, kiçik Ermənistanın rəhbəri böyük Fransanın rəhbərini ucuz tutub. Bu, bəllidir. Aydın olmayan məqam Makronun özünün belə ucuz tutlmasına müsaidə etməsidir. Makron təəccüblə deyib: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?". Makron özünü o qədər ucuz tutb ki, Paşinyan onunla digər dövlət başçılarından fərqli davranıb. Bir sözlə, erməni KİV-lərinin açıqlamaları Paşinyandan daha çox, Makronu hədəfə gətirib, onun xaraktersiz, iradəsiz, daşıdığı postun dəyərini bilməyən siyasətçi olmasını təsdiqləyib”.

M.Ələsgərli  problemin Makronun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə mövqeli siyasətçi olmasında, bu yöndə duyğularını Fransa dövlətinin siyasətinə çevirməsindədir.

“Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Makronun açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, Fransa balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Fransa prezidenti bu ölkənin erməni lobbisinin, efmənipərəst dairələrinin tam təsiri altındadır və dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış edir”.