Ümumdünya Meteorologiya Təşkilatı (WMO) son 50 ildə ekstremal hava şəraiti, iqlim və su ilə bağlı hadisələr nəticəsində 2 milyon insanın həyatını itirdiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, WMO-nun baş katibi bildirib ki, 1970-ci ildən bəri 11778-ə qədər fəlakət qeydə alınıb. Bu hadisələrdən sonra bildirilən ölümlərin 90 faizindən çoxu inkişaf etməkdə olan ölkələrdə baş verib.
Baş katib qeyd edib ki, daşqınlar, tufanlar və meşə yanğınlarından dəyən iqtisadi zərər həmin ildən 8 dəfə artaraq 4,3 trilyon dollara çatıb.
WMO, erkən xəbərdarlıq sistemlərinin və fəlakətlərin idarə edilməsinin inkişafı sayəsində o vaxtdan bəri ölənlərin sayının kəskin şəkildə azaldığını bildirib.
Təkcə ABŞ-ın 1970-2021-ci illər arasında itirdiyi 1,7 trilyon dollar, adıçəkilən təşkilatın yenilənmiş Hava, İqlim və Su Ekstremallarından Ölümlər və İqtisadi İtkilər Atlasında təhlil edilib, məlum olub ki, bu, dünyada yaşanan iqtisadi itkilərin 39 faizinə uyğundur. Digər tərəfdən, WMO qeyd edib ki, ən zəif inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri öz iqtisadiyyatlarının ölçüsünə uyğun olmayan yüksək xərclər ödəyirlər.
Hazırda 2019-cu ilədək olan dövrü əhatə edən Atlas-a 2020 və 2021-ci illər üçün məlumatlar da əlavə edilib. Son iki ildə 22608 ölümlə azalma tendensiyası davam etsə də, əksəriyyəti fırtınalarla bağlı olan iqtisadi itkilərin daha da artdığı görünür.
"Ən həssas icmalar təəssüf ki, hava, iqlim və su təhlükələrinin ən ağır yükünü daşıyırlar" deyib WMO-nun baş katibi professor Petteri Taalas.
"Buna misal olaraq son dərəcə şiddətli siklonik fırtına olan Moçadır. Myanma və Banqladeşdə geniş dağıntılara səbəb olub, ən yoxsullara təsir edib. Keçmişdə həm Myanmada, həm də Banqladeşdə on minlərlə, hətta yüz minlərlə insan həlak olub. Amma erkən xəbərdarlıqlar və fəlakətlərin idarə edilməsi sayəsində bu fəlakətli ölüm nisbətləri şükürlər olsun ki, keçmişdə qaldı. Erkən xəbərdarlıq həyatları xilas edir", - deyib baş katib.
Dünyada qeydə alınan bütün ölüm hallarının 47 faizi (təxminən 1 milyon) Asiyada baş versə də, bu ölümlərin əsas səbəbi tropik siklonlardır.
Banqladeş 281 fəlakət nəticəsində 520758 nəfərin ölümü ilə Asiyada ən çox itki verən ölkədir.
Avropada 1784 fəlakətdə 166492 adam həyatını itirərkən, bu rəqəm dünya səviyyəsində bildirilən ölümlərin 8 faizinə bərabərdir.
Bildirilir ki, ölümlərin əsas səbəbi həddindən artıq istilər, daşqınlar isə iqtisadi itkilərin əsas səbəbi olub.
Erkən xəbərdarlıq sistemlərinin 2027-ci ilə qədər dünyada hər kəsə çatmasını təmin etmək istəyən WMO, bu prosesin sürətləndirilməsinə töhfə vermək üçün mayın 22-də Dünya Meteorologiya Konqresindən əvvəl nəticələrini dərc edib.
BMT agentlikləri, inkişaf bankları, hökumətlər və erkən xəbərdarlıqların verilməsinə cavabdeh olan milli meteoroloji və hidroloji xidmətlərin nümayəndələri gələn həftə İsveçrənin Cenevrə şəhərində görüşəcəklər.