İl yeni başlasa da, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı ilə bağlı müsbət ehtimallar artıq indidən səsləndirilir. Prosesin keçən ilin sonlarına doğru yenidən təkan götürməsi indi də sülh sazişinin harada və ya hansı siyasi paytaxtda imzalanacağı məsələsini gündəmə gətirib. Burada Moskva, Vaşinqton, Brüssel, Tbilisi, hətta Tehran və İstambulun da adı hallandırılır.
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli bildirir ki, Ermənistanla sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfindən heç bir maneçilik yoxdur. Ekspert qeyd edir ki, Ermənistan uzun müddət Rusiyanın, Fransanın və digər Qərb ölkələrinin təzyiqi ilə müxtəlif bəhanələrlə sülh sazişi imzalamaqdan yayınıb vaxt qazanmağa çalışır:
“Bir sıra Qərb dövlətlərinin Ermənistandakı revanşist qüvvələri dəstəkləməsi və bununla da sülh prosesinə maneçilik törətməsi, regionda təsir imkanlarını genişləndirməyə cəhd göstərməsi inkarolunmaz faktdır. Azərbaycan dəfələrlə Ermənistanla birbaşa ikitərəfli danışıqlara üstünlük verdiyini bidirib. Hazırda sülh sazişinin mətni üzərində işin birbaşa olaraq iki dövlət arasında aparılması 2024-cü ilin sülh ili olacağını güman etmək üçün kifayət qədər ümidlər yaradır. Prosesin tez bir zamanda başa çatacağını təsdiq etmək olmaz. Ermənistan dəfələrlə olduğu kimi, Rusiyanın və Qərb dövlətlərinin təzyiqi ilə sülhdən növbəti dəfə yayınmaq üçün müxtəlif bəhanələr uydura bilər. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, danışıqların hansı məkanda getməsini və sülh sazışının harada imzalanmasını əhəmiyyətli amil hesab etmir. Əsas məsələ odur ki, danışıqlar konkret nəticə ilə yekunlaşsın”.
Q.Əlibəyli hesab edir ki, sülh sazişinin Gürcüstanda və ya Azərbaycan-Ermənistan sərhədində yerləşən məkanların birində imzalanması daha məqsədəuyğun olardı.
Politoloq Natiq Cəfərli bildirir ki, bu il sülh müqaviləsinin müəyyən protokollarının imzalanması mümkündür. Onun fikrincə, Avropa ölkələri, həmçinin Vaşinqton, Moskva sülh müqaviləsinin öz ərazilərində imzalanmasında ona görə maraqlıdırlar ki, söz sahibi olduqlarını sübut etsinlər: “Bu, əslində, sülh prosesinə mane olan faktora çevrilir. Bu, ölkələr arasındakı rəqabət sülh danışıqlarının uzanmasına səbəb olur”.
Ekspert hesab edir ki, bu il sülh müqaviləsinin deyil, bir neçə sənədin imzalanması da mümkündür: “Bu ölkələrin eqosunu sığallamaq üçün müqavilələr müxtəlif yerlərdə imzalana bilər".
Politoloq Məhəmməd Əsədullazadənin fikrinə görə, Azərbaycanla Ermənistan sülh istiqamətində uzun bir yol qət ediblər. Onun fikrincə, sülh müqaviləsinin, demək olar ki, 70 faizi razılaşdırılıb: “Delimitasiya və demarkasiya, Zəngəzur dəhlizi məsələsi, ermənilərin Qarabağa qayıtması kimi məsələlər sülhə maneçilik yaradan səbəblər kimi önə çəkilir. Bu məsələlər sülh müqaviləsindən çıxarılır. Düşünürəm, bu il sülh müqaviləsi bağlana bilər. Ermənistandan da bu yöndə müsbət açıqlamalar eşidirik. Hesab edirəm, hər iki tərəfin siyasi iradəsi var, tərəflər ikitərəfli danışıqlarda maraqlıdırlar”.
M.Əsədullazadə hesab edir ki, sülh müqaviləsinin bağlanacağı məkan Moskva, Brüssel, Vaşinqton deyil. Onun fikrincə, Azərbaycan tərəfi heç bir mərkəzi qəbul etməməlidir. Tərəflər bir-birlərinə ziddir, düşmən münasibət sərgiləyirlər. Azərbaycan Rusiya ilə sərhəddir, Qərblə tərəfdaşlıq istiqamətində əməkdaşlığını davam etdirir.
“Ona görə də Azərbaycan hər iki tərəfi küsdürməmək üçün öz siyasətini rəhbər tutacaq. Azərbaycan Tiflisdə sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Əlbəttə, tərəflər çalışır ki, öz moderatorluqları ilə sülh müqaviləsi bağlansın və Cənubi Qafqazla mövqeləri güclənsin, maraqları təmin edilsin. Rusiya, Avropa İttifaqı, ABŞ bu qəbildəndir. Ona görə də Azərbaycan belə təşəbbüsləri qəbul etmir. Bu, əlavə problemlərə gətirib çıxara bilər. Ən optimal variant Tiflisdə və ya sərhəddə sülh müqaviləsinin bağlanmasıdır”.
Deputat Aydın Mirzəzadə Azərbaycanla yanaşı, Ermənistanın da sülh müqaviləsini imzalamaq istədiyini qeyd edir. Eyni zamanda o, Azərbaycanla Ermənistanın yanaşması arasında olan fərqi də önə çəkir:
“Azərbaycan səmimi şəkildə qonşu Ermənistanla normal qonşuluq münasibətləri qurmaq istəyir, iki dövlət arasında hər hansı bir münaqişənin olmamasını arzulayır və bu istiqamətdə addımlar atır. Ermənistan isə sözdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəsə də, vaxtaşırı Azərbaycanın daxili işlərinə qarışacaq bəyanatlar verir, onu nədəsə ittiham edir və gələcək sülh sazişinə ölkəmizin suvereniyinə, dövlət müstəqilliyinə zidd olacaq maddələr əlavə etməyə çalışır. Eyni zamanda, Azərbaycanla Naxçıvan bölgəsi arasında kommunikasiyaların yaradılmasına ciddi əngəl törədir. Yəni sülh müqaviləsində sonradan narazılıq doğuran hansısa bir bənd olmamalı, bütün məsələlər əvvəlcədən razılaşdırılmalıdır. Bu baxımdan, sülh müqaviləsinin nə vaxt imzalanacağı Ermənistanın məsələyə konstruktiv yanaşmasından, Azərbaycanla doğrudan da beynəlxalq hüquq normalarına uyğun prinsiplər əsasında yaşamaq istəyindən asılıdır. Bunu isə gələcək göstərəcək”.
A.Mirzəzadə bildirir ki, ortada olan reallıq bundan ibarətdir ki, sülh müqaviləsi Ermənistana daha çox lazımdır, nəinki Azərbaycana:
«Beynəlxalq hüquqda ölkəmiz böyük nüfuza malikdir, Azərbaycan öz daxili məsələlərini kənardan hər hansı bir yardım olmadan həll edə bilir. Bütün bunları Ermənistan haqqında demək olmaz. Onun əhalisi miqrasiya edir. Ermənistanın hər hansı bir inkişafından söhbət getmir, o, daim başqa dövlətlərin istəklərini regionda həyata keçirən bir imic qazanıbdır».
A.Mirzəzadə hesab edir ki, sülh müqaviləsinin harada imzalanmasının heç bir əhəmiyyəti yoxdur:
“Düzdür, dünyanın bütün güc mərkəzləri müqavilənin onların paytaxtlarında imzalanması ilə bu məsələnin həllində böyük rol oynadıqlarını göstərməyə çalışırlar. Azərbaycan problemin həllinə dəstək verən bütün ölkələrə və beynəlxalq təşkilatlara minnətdardır. Ümumilikdə isə qeyd etdiyim kimi, bunun elə bir əhəmiyyəti yoxdur. Mənim fikrimcə, sülh müqaviləsi elə BMT-nin iqamətgahında imzalansa daha düzgün olardı”.
Deputat Fazil Mustafa hesab edir ki, məsələ yekunlaşmaq üzrədir: “Hesab edirəm, bu il artıq sülh müqaviləsi bağlanacaq. Bunun iki ölkə sərhədində olması daha məqbuldur. Biz buna daha çox çalışmalıyıq. Bir-biri ilə ziddiyyətdə olan dövlətlərin bu işi pozacağını indidən proqnozlaşdırmaq olar”.
F.Mustafa bildirir ki, iki ölkənin razılığa gəlməsi problemin həlli üçün daha optimal yoldur: “Yəqin ki, bu yol da seçiləcək. Bu, Ermənistanın özünə də sərf edir. Hər halda, əgər bu iki ölkə arasında razılığın həlli mümkün olmasa, bizim üçün ən məqbul variant İstanbul variantıdır. İBizim Ermənistanla sülh imzalamağımız həm də Türkiyə ilə Ermənistan arasında sülh bağlanması deməkdir. Bu üç ölkənin bunu bir-birinə yaxın şəraitdə etməsi vacibdir. Təbii ki, burada İranın da müəyyən mövqeyinin təsiredici olduğunu düşünməliyik. Hər halda, İran daha çox maneedici istiqamət seçəcək. Biz isə bütün hallarda bütün detalları nəzərə alıb addımlarımızı atmalıyıq”.