Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün çox böyük imkanlar açıb - Aydın Quliyev

13:29 15.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Şuşa Bəyannaməsi Türkiyə -Azərbaycan münasibətlərinə rəsmi müttəfiqlik xarakteri verən iki dövlət arasında imzalanmış mühüm sənəddir.

Bu fikirləri hafta.az-a siyasi şərhçi Aydın Quliyev deyib:

“Şuşa Bəyannaməsinə qədər də Azərbaycanın və Türkiyənin müttəfiqliyi barədə danışırdıq. Amma  bu müttəfiqlik rəsmi qaydada heç bir sənəddə əks olunmamışdı. Sadəcə olaraq 1994-cü ildə imzalanmış müqavilədə, həmin sənədə əsasən imzalanmış protokolda və 2010-cu ildə imzalanmış dövlətlərarası müqavilələrdə müttəfiqlikdən yox, strateji tərəfdaşlıqdan, əməkdaşlıqdan, qardaşlıqdan və qarşılıqlı yardımdan danışılırdı. Türkiyə–Azərbaycan münasibətlərinin rəsmən müttəfiqlik kimi xarakterizə edilməsi və müttəfiqlik sənədi adlandırılması ilk dəfə olaraq Şuşa Bəyannaməsində öz əksini tapa bildi. Şuşa Bəyannaməsinin böyük tarixi əhəmiyyəti bundan ibarətdir.

Şuşa Bəyannaməsinin təsiri altında ilk dəfə olaraq Azərbaycan–Türkiyə arasında hərbi komondos qoşunları gerçəkləşdi. Şuşa Bəyannaməsində aydın göstərilir ki, iki mütəfiq ölkə özlərinin hərbi birləşmələrinin təkmilləşdirilməsi, modernləşdirilməsi və birgə hərbi tədbirlərin keçirilməsini müəyyənləşdirirlər. Bəyannamədə də əks olunduğu kimi, iki ölkənin hərbi-sənaye texnologiyalarının birləşdirilməsi istiqamətində Şuşa Bəyannaməsi böyük perspektivlər açır. Hazırda Azərbaycanın qarşısında daha çox inkişaf etmiş, geniş potensiala malik Türkiyənin hərbi sənaye imkanlarından istifadə etmək imkanları yaranıb. Düzdür, Azərbaycanın özünün də hərbi-sənaye industriyası artıq mövcuddur. 1200-dən artıq hərbi-sənaye malları Azərbaycanın özü tərəfindən istehsal olunur.  Texnoloji baxımdan Türkiyənin imkanlarının daha geniş olduğunu nəzərə alsaq, Azərbaycanla Türkiyə arasında hərbi texnoloji sahədə yeni mərhələ başlayıb. Pilotsuz uçuş aparatlarının birgə istehsalının təşkili və onun daha da genişləndirilməsi məhz Şuşa Bəyannaməsindən sonra iki ölkənin arasında açılmış çox böyük perspektivdir. Bundan başqa, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin güc strukturlarının koordinasiyası sahəsində çox böyük imkanlar açıb. 

Ekspertlər gələcəkdə Türkiyə ilə Azərbaycanın qarşılıqlı hərbi yardım, hərbi müttəfiqlik sazişinin mümkün olacağından danışır. Gələcəkdə Azərbaycanın Türkiyə ilə birgə hərbi bazalarının  yaradılması da mümkündür.

Hər iki ölkənin bu gün rastlaşdığı təhlükəsizlik təhdidləri eynidir. Azərbaycanın da müstəqilliyini və ərazi bütövlüyünü təhdid edən məqamlar var. Belə şəraitdə müvafiq güc və diplomatik orqanların koordinasiya olunmasına çox ciddi ehtiyac var. Şuşa Bəyannaməsi iki ölkə təcavüzə qalacaqları halda birgə müdafiə tədbilərinin çərçivəsinin müəyyənləşdirilməsi, BMT nizamnaməsinə uyğun olaraq birgə addımların atılmasını mümkün edir.

Şuşa Bəyannaməsi Qars müqaviləsi kimi iki ölkənin ali siyasi rəhbərliyi tərəfindən təsdiqlənib. Şuşa Bəyannaməsi də 2022-ci ilin yanvar ayında bir gün fərqi ilə Azərbaycan və Türkiyənin ali siyasi rəhbərlikləri və parlamentləri tərəfindən qanun statusuna düşüb.

Şuşa Bəyannaməsində Naxçıvanın xüsusi coğrafiya kimi əks olunmasının ayrıca bir mənası var. Bu o deməkdir ki, Şuşa Bəyannaməsinin imzalanması həm Azərbaycanın ərazi bütövlüyünə,  birgə hərbi təhlükəsizlik təminatının yaradılması yolunda yeni bir mərhələ açdı, həm də müxtəlif ərazilərimizin, regionların  eləcə də Naxçıvanın imkanlarının iki ölkə arasında tranzit ölkəyə çevrilməsini gerçəkləşdirdi.

Şuşa Bəyannaməsində Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirən dəmir yolu və avtomobil yolunun çəkilməsinin bir daha təsbit olunması o deməkdir ki, Azərbaycan Türkiyə  Şuşa Bəyannaməsi ilə ümumtürk inteqarsiyasının təsbit olunmasını yeni bir mərhələyə çıxartdılar. Şuşa Bəyannaməsinin açdığı imkanlar əsasında gələcəkdə türk dövlətlərinin ümuminteqrasiyası inkişaf edərək yeni ümumtürk beynəlxalq təşkilatların, hətta ümumtürk hərbi təşkilatların da yaranmasına gətirib çıxarda bilər”.