Tacikistan Futbol Federasiyası Rusiya Futbol İttifaqının (RFU) noyabrda təklif edəcəyi yoldaşlıq matçını planlardakı uyğunsuzluqlara görə rədd edib.
Hafta.az-ın yazdığına görə, Tacikistan Futbol Federasiyası noyabrda yalnız ev oyunlarını planlaşdırdıqlarını, Rusiyanın isə bu matçın Rusiya ərazisində keçirilməsini təklif etdiyini bildirib.
Federasiyanın mətbuat katibi Vladislav Şapironun açıqlamasına görə, RFU da görüşün sentyabr və ya oktyabr ayına keçirilməsini təklif edib. Lakin Tacikistan millisi bu müddətdə Malayziyada keçirilən turnirdə və Tailand Kral Kubokunda iştirak etdiyi üçün bu təklif qəbul olunmayıb.
Şapiro ancaq 2025-ci ildə Rusiya ilə yoldaşlıq oyunu keçirmək imkanının açıq olduğunu bildirib.
Bu rədd cavabından sonra Rusiyanın beynəlxalq futbol komandaları ilə matçlar keçirmək cəhdlərində müəyyən çətinliklərlə üzləşdiyi müşahidə olunur. Oktyabrın əvvəlində Pakistan və Tanzaniya komandaları Rusiya millisi ilə oynamaqdan imtina edib, Vyetnamda baş verən qasırğaya görə Tailandla oyun ləğv edilib.
Tacikistan və Rusiya yığmaları sonuncu dəfə 2022-ci ilin noyabrında Düşənbədə qarşılaşıb və görüş qolsuz bərabərliklə yekunlaşıb.