Son aylar Azərbaycanda taksi xidmətlərinin bahalaşmasına baxmayaraq, bir problem hələ də qalmaqdadır. Belə ki, əksər taksi sürücüləri yenə də hesabı kartla ödəyən sərnişinləri daşımaqdan imtina edirlər. Buna səbəb olaraq müxtəlif problemlərlə qarşılaşdıqlarını bildirirlər. Onların iddiasına görə, hesablarına qazandıqları pul çox gec köçür: “Bəzi günlər olur ki, gün ərzində 10-11 sifarişdən 7-8-i kartla olur. Bəs mən nə ilə dolanım? Avtomobilə yanacaq əvəzinə nə töküm? Əgər pulu kartla almaq bizə rahat olsa, nə üçün imtina edək? Şirkət onlayn ödənişlərdən yığılan məbləği ən tezi bir ay ərzində sürücüyə verir. Kartdan pulu nağdlaşdırmaq aylar alır. Kartdakı vəsait sürücüyə həmin gün ödənilsə, problem olmaz. Amma belə deyil. Balansa oturur, depozit kimi çıxılır. Mənə depozit lazım deyil, nağd pul lazımdır. Bəzi taksi şirkətləri də var ki, umumiyyətlə, nağd ödəniş qəbulunu deaktiv ediblər. Çünki gördülər ki, sürücülərin əksəriyyəti bu formada işləməkdən imtina etdi. Şəhərdə yalnız 1-2 taksi operatoru var ki, onlar kartla ödənişin sürücüyə çatacaq faizini 24 saat ərzində ödəyirlər. Digər operatorlar bu sistem işləmədiyindən sürücülər hesabı kartla ödəyən sərnişinləri daşımaqdan imtina edirlər”.
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, hər hansı sürücü taksi operatoruna qoşulursa, avtomatik olaraq həmin şirkətin bütün şərtlərini qəbul edir: “Həmin şərtlərin ən əsaslarından biri də qeyri-nağd şəkildə daşınmanın həyata keçirilməsidir. Yəni müştərilər kartla ödəniş edə bilərlər. Sürücülər əvvəldən buna razılıq verirlər. Fəaliyyət dövründə deyirlər ki, bizə kart sərf etmir, oradan pul çıxarmaq olmur. Əgər şirkət sürücünü aldadıb onun pulunu vermirsə və ya həmin müddəti uzadaraq müxtəlif problemlər yaradırsa, bu zaman sürücülər Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər”.
Onun sözlərinə görə, problemin kökündə həm də taksi şirkətlərinin sürücülərdən aldığı faizin çox olması dayanır: “Bir məsələ var ki, bəzi taksi şirkətləri, xüsusən xarici ölkədən gətirilən şirkətlər həm sürücülərin, həm də sərnişinlərin hüquqlarını pozur. Sürücülərin hüquqlarını belə pozurlar ki, onlar sürücüdən aldıqları komissiya faizini daha yüksək alırlar. Məsələn, sürücünün qazandığı pulun 20 faizini alırlar. Bu da düşünürəm ki, böyük rəqəmdir. Halbuki həmin xarici ölkədən gələn taksi operator şirkətləri başqa ölkələrdə sürücülərdən daha az faiz alırlar, adətən bu 10 faiz civarında olur. Hesab edirəm ki, ilk növbədə bu məsələ həll edilməlidir".
Ekspertin sözlərinə görə, tələbləri pozulan sərnişinlər bu halın aradan qaldırılması üçün müvafiq qurumlara müraciət etməlidirlər: "Taksi sərnişinləri bir istehlakçıdır. Azərbaycanda da istehlakçıların hüquqları “İstehlakçıların hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə qorunur. Bu qanuna əsasən istehlakçıların seçim hüququ var. Eyni zamanda, əgər taksi operator şirkəti vətəndaşın, yəni istehlakçının taksidən xidmətini kartla qeydiyyata alıbsa, həmin taksi operatoru şirkəti mütləq qaydada vətəndaşın kartla ödəniş etməsini təmin etməlidir. Əgər sürücü burada narazılıq edirsə, yaxud bunu istəməyibsə, bu artıq birbaşa həmin taksi operatoru şirkətinin məsuliyyətidir. Həmin istehlakçılar, taksidən istifadə edən sərnişinlər bu haqda İqtisadiyyat Nazirliyi yanında İstehlakçıların hüquqlarını müdafiə edən quruma şikayət ərizəsi ilə müraciət etməlidirlər. Bunu həm elektron, həm də yazılı formada edə bilərlər. Bir istehlakçı kimi öz hüquqlarının pozulması haqqında bu məlumat mütləq dövlət qurumuna bildirilməlidir. Dövlət qurumları da bununla bağlı olaraq həmin taksi şirkətlərinə qarşı sanksiyalar irəli sürməlidir. Nə vaxta qədər ki, taksi xidmətindən istifadə edən və narazı qalan vətəndaşlarımız dövlət qurumlarına müraciət etməyəcək, bu problem həll edilməyəcək”.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, taksi sürücülərinin kartdan ödənişdən imtina etməsi və yaxud sifarişə gəldikdən sonra taksi özü müştəridən nağd ödəniş xahiş etməsi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində geniş yayılmış praktikadır: “Məsələn, qonşu Gürcüstanda, bir çox Avropa ölkələrində də qismən də olsa bu prosesi müşahidə edirik. Bunun da tək səbəbi odur ki, kartla ödəniş zamanı dövriyyəni gizlətmək mümkün deyil. Yəni sürücü kartla ödənişi qəbul edərkən burada hansısa bir formada "çaypulu" deyilən bir anlayış qalmır. Amma məsələn, nağd qəbul edəndə ödəniş iki manat 80 qəpik yazırsa, insanlar çox zaman 3 manat ödəyir. Yəni bu məsələ də var. İstənilən halda bu məsələyə hansısa sərt nəzarət mexanizmlərinin tətbiq edilməsi taksi xidmətinin bahalaşmasına səbəb olacaq. Məncə, buna başqa cür yanaşmaq lazımdır. Hesab edirəm ki, bu rəqabətlə tənzimlənən məsələdir. Yəni taksi şirkətləri nə qədər çox olarsa, kartla ödəniş vətəndaşlara daha rahat olarsa, taksi xidməti verən şirkətlər də məcburən kartla ödənişə daha tolerant yanaşmağa başlayacaqlar".