Taliban Heratda qadınlar üçün 5 ticarət mərkəzi açdı

10:50 05.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda yeni administrasiyanın iqtisadi və sosial gedişləri davam edir. Bu çərçivədə ölkənin qərbindəki Herat şəhərində ümumilikdə 15 min qadına məşğulluq imkanı verəcək layihələrin istifadəyə verildiyi bildirilir.

Hafta.az-ın Kabil Times-a istinadən yazdığına görə, Herat Qadın Ticarət və Sənaye Palatasının rəhbəri Hacı Ədibə Vəzir deyib ki, Herat vilayətində qadınlar üçün kommersiya investisiyalarında artım var. Vəziri hazırda bölgədə ümumilikdə 450 qadın tacirin çalışdığını bildirib və deyib: “İslam Əmirliyi ölkədə yenidən hakimiyyətə gələndə peşəkar qadın tacirlərin sayı təəssüf ki, 70-80 civarında idi. İndi Herat vilayətində bu rəqəm 450-yə yüksəlib”.

Hazırda Heratda qadınlar üçün ayrılmış 5 ticarət mərkəzi fəaliyyət göstərir və ölkənin qərb bölgələrindən ümumilikdə 1400 qadın bu mərkəzlərdə mağazalar işlədir.

Qadınlar üçün ayrılmış ticarət mərkəzlərində yerli istehsal malları, xüsusilə də geyim və ərzaq məhsulları satılır.

İslam Əmirliyi administrasiyası qadın tacirlərə iqtisadi məsələlərdə, xüsusən də icarələrdə rahatlıq yaradır.