Beynəlxalq ictimaiyyətin, xüsusilə də Qərb yarımkürəsinin əməkdaşlıq etmək istəmədiyi Əfqanıstanda İslam Əmirliyi administrasiyası ölkənin şimalındakı Amudərya (Ceyhun) hövzəsində neft yataqlarının işlənməsi, hasilatı və satışına davam edir.
Hafta.az-ın yazdığına görə, iyun ayının məlumatlarına əsasən Əfqanıstan 10 gün ərzində 80 milyon dollar dəyərində xam neft satıb.
Əfqanıstanın neft hasilatının gündəlik orta hesabla 8 min barel ətrafında olduğu və zamanla artacağı bildirilir. Əfqanıstan Mədən və Neft Nazirliyinin sözçüsü Müfti Humayun Əfqanın açıqlamasına görə, İslam Əmirliyi administrasiyası sözügedən dövrdə 130 min ton xam nefti 71,6 milyon dollara satıb, eyni gündə isə 10,5 milyon dollar dəyərində 20 min ton xam nefti tenderə çıxarıb. Satılan neftin hamısı Amudərya hövzəsindən çıxarılırıb.

Əfqanıstan hökuməti adətən mineralları və nefti hərraclar vasitəsilə satır.
Məlumdur ki, Əfqanıstanın şimal qonşuları ilə paylaşdığı Amudərya hövzəsində 962 milyon barel xam neft və 52 milyard kubmetr təbii qaz ehtiyatının olduğu təsdəqlənib. Bölgədə aparılan araşdırma və hesablamalara görə, təkcə şimal bölgəsində ümumilikdə 1,6 milyard barel xam neft, 400 milyard kubmetr təbii qaz və 500 milyon barrel təbii qaz mayesinin olduğu bildirilir.
Əfqanıstan karbohidrogen ehtiyatlarına görə 6 hövzə və yarımhövzəyə bölünür. Bunlar Amudərya, Əfqan-Tacik, Tirpul, Kuşka, Hilmənd və Katavaz hövzələridir. Xüsusilə şimaldakı hövzələrin Türkmənistandakı böyük enerji ehtiyatlarının davamı olduğu və buradan əhəmiyyətli miqdarda neft və qazın çıxarıla biləcəyi düşünülür.