Əfqanıstanda yeni ilin dövlət büdcəsinə daxil olan investisiya layihələri tədricən ortaya çıxmağa başlayıb.
Hafta.az-ın yazdığına görə, İslam Əmirliyi Administrasiyasının Su və Energetika Nazirliyindən verilən açıqlamaya görə, növbəti il ərzində müxtəlif ölçülü və əhatəli 48 yeni su bəndinin tikintisinə başlanılacaq. Layihələr hazırlandıqdan sonra elektrik enerjisi istehsalı və suvarma kimi məqsədlərə hesablanan kiçik və böyük ölçülü olmaqla 48 bənd tikiləcək.
Nazirlik nümayəndələri bildirirlər ki, hazırda ölkə üzrə 13 bənd tikilməkdədir.
Dövlət bu layihələrlə həm elektrik enerjisində xaricdən asılılığı, həm də suvarma və kənd təsərrüfatı istehsalı probleminin həllini nəzərdə tutur. Əfqanıstan hazırda kənd təsərrüfatı məhsulları ilə təminat məsələsində Pakistandan asılıdır. Bu asılılığın aradan qaldırılması üçün ölkənin şimalında 280 kilometrlik su kanalının tikintisi davam etdirilir.
Əfqanıstan həmçinin elektrik enerjisinin 75 faizini İran, Tacikistan, Türkmənistan və Özbəkistandan alır.
Hesab olunur ki, su anbarlarının tikintisi layihələrinin reallaşmasının bu asılılığa böyük ölçüdə son qoyacaq.