“Taliban” makiyajlı qadınları cəzalandırır

10:07 02.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Taliban” hərəkatının üzvləri gizli gözəllik salonlarında qadınları makiyaj etdiklərinə görə həbs edirlər.

Hafta.az-ın “Etilaatroz”a istinadən yazdığına görə, gözəllik salonları və bərbərxana sahiblərinin “Taliban” tərəfindən təqib edilməsi səbəbindən bir çox qızlar hətta toy ərəfəsində belə onlara baş çəkməkdən çəkinirlər.

“Eşitmişəm ki, “Taliban” gizli qadın salonlarına girib qadınları həbs edir. Ona görə də həyatımın bu mühüm günündə mənə və ya ailəmə problem yaratmamaq üçün ustadan tez bir zamanda makiyaj etməyi xahiş etdim”, - gəlinlərdən biri deyib.

Salonun sahibi olan qadınlardan biri deyib ki, “həmişə müştərilərindən salonun yeri barədə başqalarına danışmamağı xahiş edərəm”.

Digər gözəllik salonunun sahibi Fərihanın sözlərinə görə, “Taliban” onun salonuna 3 dəfə gələrək, bərbər fəaliyyətinin ağır nəticələrə səbəb ola biləcəyini deyib, hədələyib.

“Birinci və ikinci dəfə salonda olmayanda məni qonşuların arasında tapdılar və anama da xəbərdarlıq etdilər ki, saç ustalığı etmək qadağandır”, - Fəriha deyib.

“Taliban”ın təzyiqi və başqa gəlir mənbələrinin olmaması səbəbindən qadınlar bütün iş avadanlıqlarını evin zirzəmisinə daşıyaraq qeyri-qanuni işləməyə davam etməyə məcbur olublar.

Xatırladaq ki, 2023-cü ilin iyulunda “Taliban” Əfqanıstandakı bütün bərbərxana və gözəllik salonlarını bağlamaq əmri verib.