Macarıstanın Baş naziri Viktor Orban mühafizəkar dəyərlərin yayılmasına xidmət edən Rəqəmsal Vətəndaş Dairələri təşəbbüsünün sammitində çıxışı zamanı Avropa İttifaqını öz daxilindəki problemləri həll edə bilməməsi səbəbindən sərt tənqid edib.
Hafta.az-ın yazdığına görə, 2010-cu ildən Macarıstanın baş naziri olan siyasətçi Avropanın problemlərini belə sıralayıb: “Borc dağları, miqrant izdihamı, küçələrdə zorakılıq, müharibənin qaralmaqda olan kölgəsi, kütləvi ixtisarlar, artan kommunal ödənişlər, yoxsul ev təsərrüfatları və təşvişə düşmüş toyuq-cücə kimi qaçışan Brüssel büroları”.
62 yaşlı Orban iqtisadiyyat, miqrasiya və təhlükəsizliklə bağlı atılan addımları bəyənmədiyini vurğulayaraq, Aİ liderlik böhranının ittifaqı dağılma həddinə çatdırdığını bildirib: “Bizim tanıdığımız və sevdiyimiz Avropa bitdi. Bunu inkar etsək, vaxt itirmiş olarıq, ucadan desək, vaxt qazanırıq”.
Aİ ilə ABŞ arasında imzalanan ticarət müqaviləsini “faciəli” adlandıran Orban ətraf mühit siyasətlərinin Avropa sənaye müəssisələrini məhv etdiyini bildirib.
O, enerji xərclərinin ABŞ-dakından 3-4 dəfə yüksək olduğunu bildirib və Fransanın artan borcunu vurğulayıb.
Orban 11 min nəfərin qatıldığı tədbirdə immiqrasiyanı məhdudlaşdıran və ənənəvi dəyərlərə üstünlük verən siyasət yürüdərək Brüsseldən ayrıldıqlarını bildirib.
Macarıstan lideri slovakiyalı həmkarı Robert Fiko ilə birlikdə Ukraynaya yanaşmasına görə də Aİ-ni tərk edir.
İki həftə əvvəl Viktor Orban Ukraynanın üç hissəyə bölünəcəyini deyib: Rusiyanın nəzarətində olan zona, silahsızlaşdırılan zona və Qərb zonası.
Aİ-nin də “parçalanma prosesi” içində olduğunu iddia edən Orban, “Əsaslı dəyişiklik olmadığı təqdirdə bu, Aİ-nin son büdcəsi olacaq” deyib.