Terror yuvası yenidən iş başında

21:36 18.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan baş nazirinin Azərbaycanla sülh danışıqlarına adekvat yanaşması erməni kilsəsinin etiraz müqavimətini qızışdırıb.  Etirazçı qüvvələrin xalqı sülh prosesini pozmağa yönələn “kilsə siyasəti” birmənalı qarşılanmır. Ermənistan kilsəsinin tarix boyu terroru, işğalı dəstəklədiyi, region uğrunda savaşan güclərin əlində bir alətə çevrildiyi məlumdur. Bəs budəfəki sülhüpozma cəhdlərinin hansı nəticələri ola bilər?

Milli Məclisin deputatı Aydın Mirzəzadə hafta.az-a bildirib ki, erməni millətçilərinin siyasəti kilsə ətrafında formalaşıb. Deputat həm sovet dövründə, həm də 1991-ci ildən sonra erməni kilsəsinin ermənilərin digər xalqların torpağına, mədəniyyətinə iddiasında, aqressiv fəaliyyətində böyük rol oynadığını qeyd edib.

“İndi də erməni kilsəsi hesab edir ki, dövlətə aid olan məsələləri mütləq o həll etməlidir. Zaman dəyişib, yeni reallıq yaranıb, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Azərbaycan dövləti  rəsmi hakimiyyətlə özünün suveren hüquqlarının bərpası məsələsini müəyyənləşdirir. Kilsə bu məsələdə kənarda qaldığı üçün çox narahatdır. Əslində, hətta erməni dövlətinə təsir etsəydi belə, Azərbaycanın gücü və beynəlxalq hüquqa söykənməsi onun iddialarını yox edəcəkdi. Ona görə də bu cür yollarla vəziyyəti qarışdırmağa, 2020-ci ilin 27 sentyabrına qədər olan vəziyyətə qaytarmağa çalışır. Bu cəhdlər heç bir nəticə verməyəcək”.

A.Mirzəzadə bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa borcludur: “Kilsənin küçə yürüşləri, ayrı-ayrı aksiyalar təşkil etməsi isə gec-tez sönəcək”.

Politoloq Rəşad Bayramov kilsənin erməni ictimaiyyətinə təsir imkanlarının hər zaman üst səviyyədə olduğunu deyir. Bildirib ki, Ermənistanın terror, soyqırımı, işğal siyasəti kilsə ideologiyasının məhsuludur və erməni toplumunun “böyük Ermənistan” xülyası ilə tərbiyə olunmasında kilsənin rolu əvəzsizdir.

“İstər Birinci Qarabağ savaşından əvvəlki dönəmdə və sonrakı mərhələrdə  kilsənin Azərbaycan ərazilərinin işğalda saxlanılması, terror aktları ilə bağlı dəfələrlə çağırışlar etdiyinə şahid olmuşuq. İndi də faktiki olaraq Ermənistanda kilsənin ayaqlanıb hakimiyyət uğrunda mübarizəyə başlaması düşmən siyasətlərindən əl çəkməməsindən, işğal siyasətini davam etdirməsindən, qonşulara qarşı ərazi iddiası ilə çıxış etməsinin davamına dəstək vermələrinin göstəricisidir. Ermənistanda aksiyalara rəhbərlik edən keşiş "revanşistəm, ömrümün sonuna qədər revanşist olmaqda davam edəcəyəm" bəyanatları ilə çıxış edirsə, əgər erməni katalikosu Qaregin öz bəyanatlarında yenə də müharibəyə çağırışlar edərək, “9 may təkcə Qələbə günü deyil, həm də Şuşanın azad olunması günü kimi qeyd edilməlidir; Arsax ordusunun yaranma günü qeyd olunur, təəssüf ki, insanlarımızın qanı bahsına azad olunan Qarabağ yenidən işğal altındadır”, – deyirsə, bu, düşmənin işğal niyyətindən əl çəkmədiyinin göstəricisidir”.

R.Bayramov bildirir ki, erməni kilsəsinin arxasında dayanan, onları hərəkətə gətirən güclər bir yerdən idarə olunmur. Proseslərin arxasında dayanan, ən aktiv şəkildə dəstək verənlərdən biri Rusiya apostol kilsəsinin rəhbəri Mkırtıç Nersisyandır.

“Nersisyan 1986-1988-ci illərdə Sankt-Peterburq Ruhani Akademiyasının aspiranturasında oxuyub, 2020-ci ildə Eçmiədzin monastırında Sankt-Peterburq erməni icmasının tarixi mövzusunda dissertasiya müdafiə edib, arxamandrit dərəcəsi alıb. 2002-ci ildən Rusiya Prezidenti yanında dini icmaların qarşılıqlı əlaqəsi şurasının üzvüdür. Maraqlı hal budur ki, Mkırtıç Nersisyan dünya ermənilərinin katalikosu erməni apostol kilsəsinin başçısı II Qareginin qardaşıdır”.

Politoloq bildirir ki, erməni keşişin rəhbərlik etdiyi aksiyaya Köçəryan-Sarkisyan cütlüyünün və həmin dövrdə hakimiyyətdə olmuş rusiyapərəst nazirlərin, ordu mənsublarının dəstək verdiyini nəzərə alanda belə bir təəssürat yaranır ki, aksiyaların arxasında Rusiya dayanır.  Eyni zamanda, erməni kilsəsi dünyada erməni diasporası ilə çox sıx əlaqədə olan, onun maliyyə dəstəyi ilə ayaqda duran inkişaf edən qurumdur. Eləcə də ayrı-ayrı Qərb dairələrinin Paşinyanla bağlı vahid mövqeyi yoxdur. Bir sıra Qərb dairələri Paşinyanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsindən narazıdırlar. Ona görə də Paşinyanın başqa bir qərbyönümlü şəxsə dəyişmək istəyən qüvvələrin də kilsəyə dəstək verdiyini söyləmək olar:

“Amma erməni çoxluğu Paşinyanı dəstəkləyir. Hesab edirəm, sayca az olan qüvvələrin Paşinyanın devirmək gücləri yoxdur”.

Siyasi ekspert Aydın Quliyev  Ermənistanda revanşist, aqressiv hərəkatların önündə kilsənin getməsini təsadüfi saymayıb. Ekspert qeyd edir ki, tarixən Ermənistanın işğalçılıq, qəsbkarlıq siyasətinin önündə kilsə gedib. Bu qəsbkarlıq və torpaq iddiaları bütün tarixi dövrlərdə kilsənin rəhbərliyi ilə planlaşdırılıb.

“Ermənistan dövlətinin, diasporasının anti-Azərbaycan, antitürk siyasətindən öncə də bu prosesin önündə kilsə dayanıb. Kilsə müxtəlif ölkələrdə erməni qiyamlarının, üsyanlarının  vətəndaş itaətsizliklərinin, yaşadıqları ölkələrdə mərkəzi hakimiyyətə qarşı mübarizə ideyasının əsas ilhamvericisidir. Çar Rusiyasının özündə rus hakimiyyətinə qarşı müəyyən silahlı çıxışların hazırlanmasının mərkəzi məhz kilsə olub. Ona görə də XIX əsrin sonlarında Rusiyada kilsənin fəaliyyəti qadağan olunmuş, kilsələrdə məktəblər yığışdırılmış və  aparılan axtarışlar zamanı Rusiya dövləti əleyhinə hazırlıq çərçivəsində silahlar, cəbhəxanalar aşkar olunmuşdu. Bu gün də Ermənistanda revanşist hərakatının önündə kilsənin getməsi məhz bu tarixi qaynaqlara söykənir”.

A.Quliyev bu prosesdə məqsədlərin açıq olduğunu deyib. O bildirib ki, burada məqsəd Ermənistan baş nazirinin Azərbaycanla sülh sazişinə doğru atılan  addımların qarşısını almaq, sülh müqaviləsini imzalanmaqdan çəkindirmək və müxtəlixf xarici oyunçuların əli ilə yenidən müharibə ocağı yaratmaqdan ibarətdir.

Ekspert erməni kilsəsinin dünyanın müxtəlif siyasi mərkəzləri tərəfindən idarə olunduğuna heç bir şübhə olmadığını deyib: “Zaman-zaman kilsə Rusiya, Fransa, Amerika, Livan, Suriyadan idarə olunur. Uzaq hədəf kimi Ermənistanda hakimiyyət dəyişikliyinə nail olaraq kilsənin idarə etdiyi şəxsləri hakimiyyətə gətirməkdir. Kilsə Ermənistanda hakimiyyət dəyişikliyinə nail olub, özünün idarə üsülunu formalaşdlrmaq istəyir”.

Siyasi ekspert Fuad Əliyev erməni kilsəsinin Ermənistanda keçirdiyi etiraz aksiyalarının görüntü xarakteri daşıdığını bildirir. Onun fikrincə, Qərb və bir sıra regionda maraqlı olan dairələr bu aksiyaların sanki getdikcə geniş vüsət aldığını, kəskinləşdiyini göstərmək üçün süni texnologiyalardan istifadə edirlər.

 “Kilsə Qərbin təzyiq aləti kimi çıxış edir. Əgər ABŞ hakimiyyətə gətirmək üçün kiməsə dəstək verirsə, mütləq onun yerinə keçirə biləcəyi ikinci, üçüncü şəxsləri də hazırlayır. Əgər  Paşinyan Qərbin siyasətindən kənar addım atıb, onun istəklərindən qırağa çıxırsa, dərhal digər namizədləri hakimiyyətə çıxarmaq üçün əllərindən gələni edirlər. Görünən odur ki, Qərb dəyişiklik etmək istəyir”.

F.Əliyevin fikrincə, Ermənistandakı “5-ci kolon”  Qərbdən maliyyə və digər dəstəkləri alaraq belə mitinqlərə əl atırlar. Son günlər Nikol Paşinyanın Azərbaycanla sülhə gəlmək istəyi ilə bağlı açıq çıxışları Qərb və digər maraqlı qüvvələri narahat etməyə bilməzdi. Eyni zamanda, iki ölkənin xarici işlər nazirləri səviyyəsində danışıqlar nəticəsini verir, delimitasiya prosesi başlayıb, artıq sərhədlərdə dirəklər qurulur. Bu, Fransa, ABŞ siyasətinə sərf etmir. Qərb Paşinyanın Azərbaycanla bağlı atdığı addımları qəbul etmədiyi üçün  “5-ci kolon”larını işə salır.

F.Əliyev həmin qüvvələrin eyni ssenari ilə Gürcüstanda da fəal olduğunu deyib. Onun sözlərinə görə, hər iki qonşu respublikada keçirilən aksiyada etirazçılar rəhbərliyin istefaya getməsi üçün çağırışlar edirlər.

F.Əliyev bildirir ki, Ermənistanda keçirlən aksiyanın başında duran keşiş meydanda toplanan insanlarla şəkil çəkdirib, guya etitaz aksiyasını sarsılmaz olduğunu göstərmək üçün təbliğat qurur. Əslində isə o meydanda göründüyü qədər aksiyaçı yoxdur. Vaxtilə Azərbaycanda Milli Şuranın keçirdiyi mitinqləri təlatümlü göstərmək üçün guya minlərlə adam yığışdığını göstərməyə çalışırdılar. Faktiki olaraq o mitinqlərə çox az adam qatılırdı. Qərb texnoloqları bu istiqamətdə çox yaxşı işləyir. Guya Ermənistanın çalxalandığını göstərmək üçün meydana toplaşan kütləni şişirdərək ictimaiyyətə təbliğ edirlər.

Siyasi şərhçi Tofiq Abbasov Ermənistanda kilsənin heç vaxt siyasətdən uzaq olmadığını qeyd edir. Bildirir ki, Ermənistan dövlət olana qədər idarəçilik funksiyalarını məhz erməni kilsəsi daşıyıb.

“Bu faktdır ki, erməni kilsəsi iki yerə parçalanıb – kilikiyə və Sovet İttifaqının yaratdığı kilsə.  Bunların arasında oxşarlıqlar olsa da, bəzi hallarda mövqeləri üst-üstə düşmür. İndiki şəraitdə kilsə siyasi hakimiyyətə iddialarını nümayiş etdirir. Ona görə də Nikol Paşinyana sabotaj tədbirləri həyata keçirir və özünün daha vətənpərvər olduğunu nümayiş etdirməyə çalışır. Bu, kilsənin özünün seçimi deyil. Erməni kilsəsi hələ sovet illərində siyasi proseslərin içindədir və casus şəbəkəsinin yaranmasında erməni kilsəsindən yararlanırdılar. Eləcə də bundan sovet KQB-si, digər xarici ölkələrin məxfi orqanları da bəhrələnirdi. İndi artıq sovet sistemi yoxdur,  soyuq müharibə bitib, erməni kilsəsi öz səlahiyyətlərini bərpa etmək istəyir. Əsas qayələri ondan ibarətdir ki, öz güclərini göstərib proseslərə müdaxilə etsinlər”.

T.Abbasov hesab edir ki, erməni kilsəsi ilə Qarabağ klanının mövqeləri üst-üstə düşür və Paşinyanın siyasətini özləri üçün təhdid gördüklərindən onu hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar.  Onun fikrincə, bu, Ermənistanı müsbət dəyişikliyə aparmayacaq.  Ermənistanın nicat yolu Türkiyə və  Azərbaycanla barışıqdan keçir. Kilsə ilə Qarabağ klanı məhz bu nöqtədə kəsişir. Ermənistanın özü də axsaq vəziyyətdədir. Daxildə ciddi xaos, hərc-mərclik var. Nikol Paşinyan hakimiyyətindən tələb olunan odur ki, qətiyyət göstərib öz mövqelərini müdafiə etsin.

“Ermənistan Azərbaycanı təhdid etmək istəsə, ağır  vəziyyətdə qalacaq. Prezident Şuşada çıxışında açıq bəyan etdi ki, o qüvvələr ki, Azərbaycana qarşı təhdidlər yağdırır, Ermənistanda revanşistlərin baş qaldırmasını istəyir, Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. Ona görə də Ermənistanın sağlam qüvvələri bu proseslərdən nəticə çıxarmalıdır”.

Siyasi ekspert Zəlimxan Məmmədli bildirir ki, Ermənistanda siyasəti yönəldən, idarə edən, kilsəni saxta “böyük Ermənistan” ideyaları ilə qidalandıran mərkəzlərdən biri Kremldir. Onun sözlərinə görə, Ermənistan o labirintdən çıxmaq, Türkiyə, Azərbaycanla münasibətləri yenidən qurmaq, “böyük Ermənistan”, ərazi iddialarından imtina etmək istəyir. Bu da Rusiyanın maraqlarına uyğun deyil.

Z.Məmmədli kilsənin Rusiya tərəfindən daha çox sovet məkanında və Şərqi Avropada idarə olunduğunu deyib. Onun sözlərinə görə, Rusiyanın dini və siyasi rəhbərliyi daim birgə hərəkət edirlər. Rusiya bütün manevrləri ilə Ermənistanı durdurmaq üçün kilsəni hərəkətə keçirib.

Ekspert Paşinyanın öz mövqeyini ifadə edərək kilsəni saxtakarlıqda ittiham etməsini əks-qüvvələrin dirənişi kimi dəyərləndirib.

“Din siyasətdən ayrı olmalıdır, o, ibadətdir, Tanrıya tapınma yoludur. Allahımız dəyişən deyil, siyasət isə dəyişəndir. Biz bunu bir şüar kimi desək də, dindən ciddi bir siyasət kimi istifadə etmək istəyən dövlətlər var. Kilsəyə tapşırıq verən mərkəz sabah olmaya bilər. Ermənistan hakimiyyəti bunu dərk etməlidir”.

 

Oxunma sayı 67
Siyasət rubrikasından digər xəbərlər