Təsisçi və kiçik səhmdarlarla bağlı DƏYİŞİKLİK

14:32 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kiçik səhmdarların hüquqlarını qoruyan yeni mexanizmlər yaradılır.

Hafta.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb. Belə ki, layihəyə əsasən, ilk dəfə korporativ müqavilələrdə və şirkətlərin nizamnamələrində kiçik paya (səhmə) malik təsisçilərin və səhmdarların hüquqlarının qorunmasına yönəlmiş xüsusi mexanizmlərin müəyyən edilməsi nəzərdə tutulur.

Dəyişikliklə korporativ müqavilələrdə ləğvetmə və ya şirkətin satışı zamanı müəyyən səhmdarlara üstünlük hüququnun verilməsi, payların dəyərinin azalmasının qarşısını alan mexanizmlərin tətbiqi, xüsusi məsələlər üzrə veto hüququnun müəyyənləşdirilməsi, imtiyazlı pay və səhmlərin adi pay və səhmlərə çevrilməsi, həmçinin ümumi yığıncaqlarda fərqli səsvermə hüquqlarının müəyyən edilməsi mümkün olacaq.

Qanun layihəsində, həmçinin şirkətin fəaliyyəti və ya digər təsisçilərin hüquqlarına əhəmiyyətli təsir göstərən qərarlar qəbul edilərkən kiçik pay sahiblərinin maraqlarının qorunması üçün yeni təminatlar nəzərdə tutulur. Belə ki, onlara öz paylarını və ya səhmlərini ədalətli bazar qiyməti ilə satmaq və ya zəmanətli kompensasiya almaq hüququ verilə biləcək. Bununla yanaşı, yeni pay və səhmlər buraxıldıqda müəyyən kateqoriya səhmdarlara mövcud paylarına mütənasib şəkildə onları almaqda üstünlük hüququ tanınacaq.

Bundan başqa, layihədə pay və səhmlərin özgəninkiləşdirilməsi ilə bağlı ilk dəfə birgə satış hüququ, məcburi satış hüququ və ilk imtina hüququ kimi beynəlxalq korporativ idarəetmədə geniş tətbiq olunan mexanizmlərin də qanunvericiliyə daxil edilməsi təklif olunur. Bu mexanizmlərin səhmdarlar arasında münasibətləri daha şəffaf tənzimləməsi, investisiya mühitini yaxşılaşdırması və xüsusilə azlıq səhmdarlarının hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcəyi gözlənilir.