Texasdan İsrailə gətirilən 5 qırmızı inək narahatlığı

09:15 08.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsraildə fəaliyyət göstərən “Kanal 12” ötən həftə Məscidül-Əqsanın həyətindəki Qayanın günbəzinin yerinə 'Üçüncü Məbəd' tikmək məqsədi daşıyan “Qırmızı İnək” layihəsini həyata keçirmək üçün İsrail hökumətinin ayırdığı vəsaitlə bağlı xəbər yayıb.

Hafta.az-ın yazdığına görə, xəbərdə Texasdan gətirilən “beş qırmızı inək”i Ben Qurion hava limanında iki nazirlikdən iki səlahiyyətlinin qarşıladığı da bildirilib.

İddia edilir ki, bu qırmızı inəklər Zeytun dağında təntənəli şəkildə qurban kəsilərək üçüncü məbədin qurulması ayinlərinə başlanacaq, burada onların ətləri yandırılacaq və qanları ərazini “təmizləyəcək”.

AWP xəbər agentliyinə görə, Qüds və İrs Nazirliyinin baş direktoru Nathaniel İsaak facebook səhifəsində aylar əvvəl inəklərlə bağlı məlumat verildiyini və onların hava limanında qəbul edildiyini bildirib. Lakin o, bunu “qurbankəsmə və paklıq” məsələsi ilə əlaqələndirməyib.

Bəzi yəhudi məzhəblərinin inancına görə, “qırmızı inək”in görünməsi Məscidül-Əqsanın tezliklə dağıdılacağına və Üçüncü Məbədin tikiləcəyinə işarə edir.

Kanal 12-nin xəbərləri bir çox fələstinliləri qəzəbləndirdi və onlar bu məsələnin gündəmə gəlməsinin iğtişaşlara və dini müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib.

Fələstin muxtariyyəti prezidentinin dini məsələlər üzrə müşaviri Mahmud Həbbas Məscidül-Əqsada qırmızı inəklərin qurban verilməsi ideyasının yayılmasının təhlükəli olduğunu deyib. Habbaş AWP-yə deyib: "Məskunlaşanlar inək kəsərsə, bu, hər şeyi yandıra biləcək bir qığılcım olacaq. İnəklərin qurban verilməsi və ya kəsilməsindən danışmaq İsrailin Məscidül-Əqsanı aqressiv şəkildə pozmasının davamıdır. Nəyin bahasına olursa olsun, fələstinlilər buna imkan verməyəcəklər".

Həbbaş qeyd edib ki, köçkünlərin Məscidül-Əqsa və Qüdsdəki hərəkətləri, müsəlman və ya xristian fələstinlilərin müqəddəs yerlərinə hücumları artıq dini müharibəyə səbəb olub.

Qüds və Fələstin müftisi Şeyx Məhəmməd Hüseyn mövzu ilə bağlı belə bir qiymətləndirmə edib: "Yəhudilərin qırmızı inəkdən "istər bir, istərsə də beş" deməsi heç bir dəlilə əsaslanmayan saf qavrayış və fantaziyalardan başqa bir şey deyil. Bunlar əsassız hekayələrdir. Şəyiələr arasında kəsilməsi lazım olan qırmızı inək məsələsi də var. Müsəlmanlar Qüds, Əqsa və Fələstində bütün hüquqlarını iddia edirlər. Fələstin xalqı bu rəvayətlərin arxasında duran bütün məqsədlərin tam fərqindədir".

Məscidül-Əqsa xətibi Şeyx İkrimə Səbri də qeyd edib ki, İsrail Məscidül-Əqsa üzərində “iddia edilən” haqqını sübut edə bilmir və burada İbranilərin qədim tarixi ilə bağlı bir daşa belə rast gəlinmir.

Qüds qubernatorunun müavini Abdulla Siam yəhudilərin və köçkünlərin radikal hərəkətləri nəticəsində Qüds şəhərinin çətin vəziyyətdə yaşadığını bildirib. O, AWP-yə verdiyi açıqlamada ərəb və İslam ölkələrini şəhərdə və Məscidül-Əqsada baş verənləri hər zaman nəzərdə saxlamağa çağırıb.

İnək kəsimi məsələsinin ərəb və İslam dünyasına çox böyük təsir edəcəyini bildirən Siam, bu cür hərəkətlərin gələcəkdə bütün bölgə üçün çətin nəticələrinin olacağını da vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər