“Son Vaşinqton danışıqları zamanı Qarabağda baş verən təxribatların sülh prosesinə təsirinə gəlincə, deyərdim ki, tərəflər artıq buna alışıb”.
Bunu hafta.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Azərbaycan və Ermənistan baş diplomatlarının Vaşinqtondakı sonuncu sülh danışıqları zamanı Qarabağda növbəti qanlı təxribat sülh prosesinə nə dərəcədə təsir göstərdi?” sualını cavablandırarkən söyləyib.
“İlk növbədə Vaşinqton və Brüsseldəki vasitəçilər bilirlər ki, hər hansı bir sülh danışıqları istiqamətində atılan addımlar mütləq hansısa təxribatlarla müşayiət olunmalıdır. Həmin təxribatlar ya danışıqlar ərəfəsində, ya danışıqlar zamanı, ya da onlardan sonra törədilir. Bu artıq “normal” bir praktikaya çevrilib. Və hətta deyərdim ki, bir qədər ironik səslənsə də, artıq təxribatlar Azərbaycan-Ermənistan sülh prosesinin tərkib hissəsinə dönüb. Odur ki, bu təxribatların ümumən sülh prosesinə hər hansı bir təsiri olacağını düşünmürəm. Təbii ki, söhbət daha böyük miqyaslı təxribatlardan getmirsə... Düzdü, az sayda olsa da, insan itkisi təəssüf doğrurur. Amma belə azsaylı itkilərlə müşayiət olunan təxribatların ümumi sülh prosesinə, demək olar ki, təsiri yoxdur. Çünki öncə dediyim kimi, tərəflərdə bir növ artıq bu praktikaya vərdiş yaranıb. Amma baş verənlər həmin təxribatların kimi tərəfindən törədildiyini bir daha bütün çılpaqlığıyla göstərir. Kimdir sülh prosesini pozmağa çalışan? Bu da məlum məsələdir ki, Rusiyadır”,-deyə davamında analitik vurğulayıb.