Tikinti materialları bazarında ucuzlaşma

14:30 29.04.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son aylar tikinti materialları bazarında ucuzlaşma müşahidə olunur. Bu o deməkdir ki, ev tikmək arzusunda olanlar üçün yaxşı fürsət yaranıb. Onlar əvvəlki illərlə müqayisə xüsusilə taxta və kərpici daha ucuz qiymətə əldə edə bilərlər.

Bəs, görəsən, bazarda müşahidə olunan ucuzlaşmaya səbəb nədir? Mövcud vəziyyət tikinti bumu ilə nəticələnə bilərmi? Ucuzlaşma hansı dövrü əhatə edəcək?

Mövzu ilə bağlı fikirlərini böüşən daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Qasımzadə deyir ki, mart ayında tikinti materialları bazarında stabillik olub: “Demək olar ki, elə də ciddi bahalaşma qeydə alınmayıb. Amma son iki gündür ki, bazarda artıq ucuzlaşma deyil, bahalaşma müşahidə olunur. Hələlik sement bahalaşıb və mart ayı ilə müqayisədə bu məhsulun qiymətində 40 qəpik artım var”.

R.Qasımzadə bununla belə, bəzi məhsullarda cüzi ucuzlaşmanın müşahidə olunduğunu da qeyd edib:  “Əsasən də Rusiyadan gələn materiallarda nisbi ucuzlaşma nəzərə çarpmaqdadır. Əvvəlki 2 ay ərzində “Dikt”lərin qiyməti 20-22 manat arasında dəyişirdi. Mart ayında isə bu dəyər 16-17 manata qədər düşdü. Alçılarda, eləcə də bəzi yerli məhsullarda cüzi də olsa ucuzlaşma müşahidə olunur. Ona görə ki, yerli məhsul xarici idxala rəqib olduğu üçün satıcılar cüzi endirimlər edirlər. Bazarın hazırkı vəziyyəti də ümumi satışın zəiflədiyini göstərir”. 

O, qiymət dəyişiklərinin müxtəlif amillərlə bağlı olduğunu vurğulayıb: “Adətən, qiymətlər fevral ayında bahalaşır, amma martın əvvəlində ucuzlaşır. Sonrakı aylarda isə qiymətlərin yenidən öz əvvəlki səviyyəsinə qalxması mümkündür. Biz sementdə bunu müşahidə edirik. Ola bilər ki, mövsümlə bağlı digər məhsullar da bahalaşsın. Amma əvvəlki illərdə olduğu kimi ölkədə tikinti bumu müşahidə olunmayacaq. İndi çoxmənzilli binaların tikintisi xeyli azalıb, eyni zamanda, fərdi ev tikənlərin sayı da əhəmiyyətli dərəcədə aşağı düşüb. Bunun da öz səbəbləri var. Məsələn, əvvəllər vətəndaş aldığı torpağın qanuni sənədi olmasa belə həmin torpaq sahəsində tikinti işi apara bilirdi. Tikinti başa çatdıqdan sonra da müvafiq qurumlar su, işıq, qaz kimi təchizatı həyata keçirirdilər. Məlumdur ki, artıq ötən ilin sonlarından sənədsiz evlərə kommunal xidmətlər göstərilmir. Bu məhdudiyyət insanları sənədsiz torpaqlarda ev tikməkdən çəkindirir. Nəticədə fərdi ev tikənlərin sayı əhəmiyyətli dərəcədə azalıb”.

Onun sözlərinə görə, qarşıdakı aylarda mövsümlə bağlı qiymət artımlarının olacağı proqnozlaşdırılır: “Bunu da aprel ayından etibarən tikinti bumunun başlaması ilə əlaqələndirirlər. Amma bir daha qeyd edirəm ki, tikinti bumu əvvəlki illərlə müqayisədə zəif olacaq. Növbəti aylardan tələbata uyğun qiymətlərin bahalaşacağı gözlənilir. Bahalaşma təxminən 10 faiz civarında proqnoz edilir”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda bəzi tikinti materialları istehsal olunsa da, əksəriyyəti xaricdən idxal olunur: “Xüsusən də qonşu Rusiya və Türkiyədən gətirilən inşaat materialları bazarda mühüm yer tutur. Rusiyadan ölkəyə dəmir armatur, metal konstruksiya və taxta məhsulları gəlir. Ukraynadan əsasən artmatur, metal konstruksiya, aluminum və digər məmulatlar gətirilirdi. Lakin müharibə səbəbindən bu idxal dayandırılıb. Bu gün bəzi tikinti materiallarının qiymətində artım müşahidə olunur. Zamanla bu artımlar davam edəcək. Məsələn, Rusiyada su daşqınları zamanı kifayət qədər böyük həcmdə ərazilərə ziyan dəyib. Onların bərpasına əlavə tikinti materialları lazım olacaq. Rusiya bazarında tikinti materiallarına təlabat artdıqca, başqa ölkələrə ixracatın azalması müşahidə oluna bilər. Amma uzun müddətli bağlanmış müqavilələr də var. Onların çərçivəsində yəqin ki, sifarişçi sifariş verdiyi məhsulları ala biləcək. İstər- istəməz bu bazarda müəyyən materialların çatışmazlığına və müəyyən qiymət artımına səbəb ola bilər. Sadəcə izləmək lazımdır. Əgər ikinci rübdə bu problemlərlə əlaqəli Rusiyadan gələn tikinti materiallarında azalmalar müşahidə olunsa, o zaman bazardakı qiymətlərin də artımını müşahidə edə bilərik”.