Tramp Washington Post-un jurnalisti Vudvordu məhkəməyə verdi

12:29 31.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məşhur amerikalı jurnalist Bob Vudvordu siyasətçinin razılığı olmadan müsahibələrin audiokitabını dərc etdiyinə görə məhkəməyə verib. Bu barədə “Politico” qəzeti məlumat yayıb.

İddia ərizəsində bildirilir ki, Tramp Vudvorda yalnız gələcək çap olunan kitab üçün məlumat verdiyi barədə dəfələrlə xəbərdarlıq edib. Siyasətçi bildirib ki, jurnalist səs yazılarını ondan xəbərsiz yayıb ki, bu da “müəllif hüquqlarını pozur”.

Eks-prezident audiokitabın satışından heç bir qonorar almadığı üçün maddi itkilərlə üzləşdiyini də təkid edir. Associated Press xəbər verir ki, Tramp təzminat üçün 50 milyon dollar tələb edir.
İddia ABŞ-ın Florida ştatının Pensakola bölgə məhkəməsinə verilib.

Vudvord The Washington Post qəzetinin əməkdaşıdır. O, Uotergeyt qalmaqalına (1972-1974) və ABŞ prezidenti Riçard Niksonun istefasına səbəb olan jurnalist araşdırmasının iştirakçılarından biridir. Vudvord Donald Trampa həsr olunmuş Qorxu: Tramp Ağ Evdə (2018), Qəzəb (2020) və Təhlükə (2021) kimi kitabların müəllifidir.

Oxunma sayı 83