“Transsərhəd sudan istifadə üçün məcburi mexanizmlər yaradılmalıdır” – Saparmurat Durdıyev

10:06 29.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Türkmənistan transsərhəd sudan istifadə üçün hüquqi cəhətdən məcburi mexanizmlərin hazırlanması və qəbul edilməsinin tərəfdarıdır”.

Hafta.az-ın yazdığına görə. bunu Türkmənistan Dövlət Su Təsərrüfatı Komitəsinin nümayəndəsi Saparmurat Durdıyev Düşənbədə işə başlayan Buzlaqların Mühafizəsi üzrə Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

"Türkmənistan həmişə transsərhəd su ehtiyatlarının tanınmış beynəlxalq normalara əsaslanan, hövzədəki bütün ölkələrin maraqlarını nəzərə alaraq ədalətli və rasional bölüşdürülməsi üçün hüquqi cəhətdən məcburi mexanizmlərin işlənib hazırlanması və qəbul edilməsinin tərəfdarı olub. Biz aşağı axarda yerləşən dövlət kimi, uzun illərdir ki, beynəlxalq konfransda transsərhəd su ehtiyatlarının davamlı və ədalətli idarə olunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarıyıq", - o, deyib.

Durdıyev xatırladıb ki, Mərkəzi Asiyanın əsas su təchizatı mənbələri regionun ən böyük çayları olan Amudərya və Sırdəryanı qidalandıran Pamir və Tyan-Şanın buzlaq sistemləridir. Onlar kənd təsərrüfatını, enerji sektorunu dəstəkləyir, əhalini içməli su ilə təmin edir, təbii mühiti formalaşdırır.

"Son elmi məlumatlara görə, son 50 ildə bu çayları qidalandıran buzlaqların həcmi 30 faiz azalıb, proqnozlara görə, 2050-ci ilə qədər itkilər 50 faizə çata bilər. Bu, təkcə su təchizatı üçün deyil, həm də regionumuzun qida, enerji və ekoloji sabitliyinə təhlükə yaradır", - Türkmənistan nümayəndəsi bildirib.

Onun fikrincə, belə şəraitdə transsərhəd əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. “Su sərhəd tanımır və onun effektiv idarə olunması yalnız dialoq, həmrəylik və birgə səylərlə mümkündür”, - o əlavə edib.

Qeyd edək ki, bu gün işə başlayan və mayın 31-dək davam edəcək Buzlaqların Mühafizəsi üzrə Birinci Beynəlxalq Konfransda 80-dən çox ölkədən 2,5 mindən insan - alimlər, siyasətçilər, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin nümayəndələri və digər maraqlı tərəflər iştirak edir.