Turizm bərpa mərhələsində - Aktual

12:05 04.05.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qarşıdan istirahət mövsümü yaxınlaşır. Hazırda dünyada bütün turizm zonalarında yay mövsümünə hazırlıq gedir. Ekspertlərin proqnozlarına görə, pandemiya dövründə tamamilə iflic olmuş turizm sahəsi ötən il olduğu kimi bu il də bərpa dövrünü yaşayacaq.

Maraqlıdır, görəsən, bu il turizmlə bağlı Azərbaycanda vəziyyət necə olacaq? Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının bu yay istirahət üçün hara üz tutacağı gözlənilir? Azərbaycanlıların ənənəvi marşrutları hansı istiqamətlərdir? Avropa ölkələrindən hansına vizasız getmək imkanımız var? Azərbaycan vətəndaşları üçün hansı şengen ölkəsinə viza almaq daha asandır? Bu il qiymətlər qaneedicidirmi?

Məsələni qəzetimizə şərh edən turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov bildirib ki, bu il turizmlə bağlı proqnozlar daha müsbətdir, bazarda dinamiklik müşahidə olunacaq: “Daha öncəki iki illə müqayisədə bu yay Azərbaycanda da nisbətən turist aktivliyinin artacağı gözlənilir. Pandemiyadan öncəki il - 2019-cu illə müqayisədə Azərbaycanda turizm 50 faiz, dünya ölkələrində isə 60 faiz bərpa olunmuşdu. Ümid edirik ki, bu yayda ötən illə müqayisədə daha çox aktivlik olacaq. Çünki turizm üzrə ekspertlərin qənaətinə görə bu il turizm bazarı 80 faizədək bərpa oluncaq. Bununla da pandemiyadan öncəki vəziyyətə, göstəricilərə daha yaxın olacağıq”.

Ekspert vurğulayır ki, statistikaya əsasən, 2023-cü ilin yanvar-fevral ayları ərzində ölkəyə 232.5 min əcnəbi vətəndaş səyahət edib: “Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 55 faiz artım deməkdir, lakin 2019-cu ilin eyni müddəti ilə müqayisədə 36 faiz azdır. Ümumilikdə, ötən il ərzində ölkəyə 1 602 600 xarici vətəndaş səyahət edib və bu rəqəm 2021-ci il ilə müqayisədə 103 faiz artım deməkdir. Rəqəmlər də turizmdə bərpanın sürətli getdiyini göstərir. Dünyada pandemiya ilə əlaqədar olan məhdudiyyətlər aradan qalxıb, ölkələr arasında hava nəqliyyatı bərpa olur, vizaların verilməsi əvvəlki qaydasına qayıdır, o cümlədən yeni birbaşa uçuşlar açılır. Əminliklə demək olar ki, əgər turizmə mənfi təsir göstərən hər hansı bir hadisə baş verməzsə, bu il Azərbaycan üçün pandemiyadan sonra müvəffəqiyyətli turizm ili kimi qiymətləndirilə biləcək. Amma pandemiyadan öncəki vəziyyətin bərpa olunacağını demək çətindir. Çünki bizdə sərhədlər açılmayıb və tam olaraq nə zaman açılacağı da dəqiq bilinmir. Bu qeyri-müəyyənlik səyahətlərlə bağlı qərarlara təsirsiz ötüşmür. Azərbaycana turistlər əsasən bizimlə quru sərhədi olan ölkələrdən gəlir. Hər 10 nəfər turistdən 7-si bizimlə quru sərhədi olan ölkələrdən - Türkiyə, Rusiya, Gürcüstan və İrandan gəlir. Bu ölkələrlə quru sərhədlərinin müəyyən səbəblərdən bağlı qalması ölkəmizə turist axınının 2019-cu ildəki səviyyəyə dönməsini çətinləşdirəcək".

Ekspert qeyd edib ki, turistlər daha çox məhdudiyyətlər aradan qalxmış ölkələrə üz tuturlar: "Doğrudur, hava sərhədlərimiz açıqdır. Uçuş coğrafiyaları genişləndirilir. Ümid edirik ki, ucuz hava daşıyıcıları yenidən Azərbaycana daxil olacaq. Bu da turistlərin sayına öz təsirini göstərəcək. Hər halda quru sərhədlərinin bağlı qalması turizmin daha aktiv şəkildə bərpa olunmasına müəyyən qədər məhdudiyyət yaradacaq. Müşahidələr göstərir ki, turistlər daha çox məhdudiyyətlərin tamamilə aradan qaldırıldığı ölkələrə səyahətə üstünlük verirlər. Burada dövlətin ölkənin turizm məkanı kimi tam şəkildə açıqlığına çalışması faktoru da rol oynayır".

Bu il turizm sektorunda qiymətlərin necə dəyişdiyinə gəlincə, C.Aşurov bu istiqamətdə artım olduğunu vurğulayıb: “Ümumdünya Turizm Təşkilatının qiymətləndirməsinə əsasən, koronavirus (COVID-19) pandemiyasından sonra dünyada hər turistin orta xərci 50 faizə yaxın artıb. Məsələn, azərbaycanlıların yay aylarında daha çox üz tutduğu Türkiyədə də təklif olunan turizm paketlərinin (gecələmə, qidalanma) qiymətlərində 30-50 faiz artım müşahidə edilir. Səyahət planlaşdıran bizim vətəndaşlar da bu qiymətləri müqayisə edirlər və təbii ki, kəskin fərq varsa, alternativ variantları araşdırırlar. Bunlar, ölkə daxilində və yaxud digər qonşu ölkələrə səyahət ola bilər. Hesab edirik ki, bu il ölkə vətəndaşlarının böyük əksəriyyəti daxili turizmdən faydalanacaq. Bu da ölkədaxili turizmin aktivliyini artırmış olacaq. Xarici ölkələrə gedənlər isə yenə də ənənəvi marşrutlardan istifadə edəcəklər. Azərbaycanlıların ənənəvi marşrutları Türkiyə, Gürcüstandır. Eyni zamanda, Azərbaycan vətəndaşları üçün viza tələbi olmadığından Monteneqro və ya daha sadə viza proseduru olduğundan Şərqi Avropa ölkələri cəlbedici marşrutlardır. Şengen ölkələrinə viza almaq elə də asan deyil, orada müəyyən prosedurlar var, eyni zamanda, ümumilikdə Avropa ölkələrinə səyahətlər ucuz başa gəlmir. Ona görə də bizim vətəndaşlar daha çox Türkiyə, Gürcüstan, Monteneqroya üz tuturlar. Bu il də ölkə vətəndaşlarının həmin marşrutlar üzrə səyahət edəcəyi proqnozlaşdırılır. Son vaxtlar müşahidə edirik ki, yeni reyslərin açılması ilə əlaqədar Şri Lankaya səyahət edən vətəndaşlarımızın sayı artıb. Hansı ki, bu istiqamətdə viza tələbi yoxdur, xüsusi prosedurlar tələb edilmir və ucuz hava daşıyıcılarının fəaliyyətinə görə azərbaycanlılar həmin istiqamətdə səyahət edirlər”.