“Hakan Fidanın Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərliyinə gəlməsindən sonra Türkiyənin Azərbaycana yönəlik siyasətində hansısa qeyri-adi addımların atılacağını gözləmirəm. Çünki Türkiyə-Azərbaycan münasibətlərində aydın olmayan məqamlar yoxdur. İstər təhlükəsizlik sahəsində istərsə də siyasi əməkdaşlıqda, istərsə də regional əməkdaşlıqda Azərbaycanla Türkiyə arasında kifayət qədər razılaşdırılmış bir mövqe var”.
Bu fikri hafta.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Türkiyə xarici işlər naziri Hakan Fidanın Azərbaycana son səfəri haqda danışarkən ifadə edib.
“Azərbaycan-Türkiyə münasibətlərinin konturları iki ölkə rəhbərlərinin şəxsi münasibətləri bazasında qurulub. Hakan Fidan da xarici işlər naziri olaraq Türkiyə lideri Ərdoğanın iradəsini həyata keçirən şəxsdir. Yəni bu mənada da heç bir yenilik gözləmirəm. Ola bilər ki, bəli, regionda vəziyyətin gərginləşməsi, Rusiyada son günlər baş verən hadisələr fonunda yeni təhdidlərin yaranması məsələləri müzakirə olunub. Burada da bir məqam var; Azərbaycan hakimiyyəti Türkiyə ilə bir müttəfiqlik münasibətləri qurmaqla yanaşı, Moskva ilə də kifayət qədər sıx bağlıdır. Bunu Türkiyə dəyişməyə nail olacaqmı? Bilmirəm... Heç Türkiyənin özündə də bu istək görünmür. Çünki Ankaranın özünün də Rusiyaya münasibəti yetərincə loyaldır. Yəni Azərbaycan-Türkiyə-Rusiya üçbucağında belə bir ziddiyyətli məqam var”, -deyə analitik vurğulayıb.