Türkiyə Cümhuriyyəti 98 yaşında

15:40 29.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün qardaş Türkiyədə Cümhuriyyətin elan olunmasının 98-ci ili qeyd olunur. Bir az ağır ildir, koronavirus pandemiyası dünyanı əsirə çevirdiyi bir vaxtda bayram şənliklərinin sayı və əhatəsi məhdudlaşdırılsa da, əslində hər bir Türkiyə türkü qədər biz Azərbaycan türkləri də sevincli günümüzü yaşamaqdayıq. Bu il pandemiyadan dolayısı çətinliklərimiz, məhrumiyyətimiz böyük olsa da, məhz Azərbaycan-Türkiyə qardaşlığının erməni işğalçılar üzərində qazandığı Böyük Zəfər bizi sözün əsl mənasında xoşbəxt edib. Bu mənada, Türkiyənin Cümhuriyyət Günü bizim üçün ikiqat bayramdır...

Qardaş ölkənin son 98 ilini əhatə edən Cümhuriyyət dövrünün yaranışı barədə nə bilirik? Gəlin qısaca nəzər salaq:

Türkiyə Böyük Millət Məclisi 1923-cü il oktyabrın 29-da ölkəni rəsmən Cümhuriyyət elan edib. 28-29 oktyabr tarixləri Türkiyədə rəsmən qeyri-iş günüdür. Türkiyə Cümhuriyyətinin qurucusu olan Mustafa Kamal Atatürk 1933-cü ildə – Cümhuriyyətin 10-cu ilində etdiyi çıxışda, 624 il ərzində 36 sultan tərəfindən idarə olunan Osmanlı İmperiyasının süqutundan sonra Cümhuriyyət gününü türk millətinin ən böyük bayramı adlandırmışdı.

Əslində mütləq hakimiyyət tərəfindən idarə olunan Osmanlı dövlətində də sultanın ətrafında müəyyən sayda əyanlardan ibarət məclis fəaliyyət göstərib. Onlar xalqın içində olur, insanların arzu-istəklərini hökmdara çatdırır və son anda məclisdə qanun layihələri hazırlanırdı. Sultanın təsdiqindən sonra isə həmin qanunlar tətbiq olunurdu. Məşrutiyyət adlanan məclisin səlahiyyətləri az da ola bilər, müasir hökumətlərdəki kimi geniş də. Yeri gəlmişkən, Osmanlı dövlətində 1876 və 1908-ci illərdə olmaqla iki dəfə məşrutiyyət elan edilib.

İkinci Məşrutiyyətin elanından 6 il sonra - 1914-cü ildə 4 il uzanan I Dünya müharibəsi başlayır və nəticədə Almaniya ilə müttəfiq olduğu üçün Osmanlı İmperiyası da məğlub olur. Ona görə də Osmanlı torpaqları İngiltərə, Yunanıstan, Fransa, İtaliya dövlətlər tərəfindən zəbt edilir.

1919-cu il mayın 19-da isə Mustafa Kamal Paşa Osmanlı hökuməti tərəfindən bölgədə vəziyyəti nəzarətə almaq məqsədilə gəmi ilə Samsuna göndərilib. O, bir çox bölgələrdə toplantılar keçirərək xalqı milli mübarizəyə qalxmağa və torpaqları müdafiə etməyə həvəsləndirib. Nəticədə ölkənin hər yerindən nümayəndələrin iştirakı ilə 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisinin iclasını keçirir. Elə oradaca, o, məclisə sədr seçilir. Bundan sonra isə Mustafa Kamal Paşanın öndərliyində Böyük Millət Məclisi Türk Qurtuluş savaşına start verir. Xalq və təşkil olunmuş nizami ordu birlikdə düşmənə qarşı çıxır, öz qanı bahasına torpaqları azad etməyə başlayır. Savaş müvəffəqiyyətlə başa çatandan sonra TBMM 1922-ci il noyabrın 1-də imperiya idarəetmə üsulunu ləğv edir…

1923-cü il iyulun 24-də İsveçrənin Lozanna Universitetində Türkiyə Böyük Millət Məclisinin təmsilçiləri ilə İngiltərə, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Portuqaliya, Belçika, SSRİ və Yuqoslaviya nümayəndələri arasında Lozanna sülh müqaviləsi imzalanır. Bu sazişlə dünyada yeni bir dövlətin təməli qoyulsa da, onun hansı idarəetmə üsulunu seçəcəyi qeyri-müəyyən qalır.

Böyük Millət Məclisi tərəfindən həmin il oktyabrın 13-də Ankara şəhəri paytaxt elan olunur. Bu müddətdə Atatürk xalqın söz sahibi olacağı bir idarəetmə üsulunun planını cızır və oktyabrın 28-də axşam saatlarında yaxın dostlarını Çankayada yeməyə çağırır və "sabah Cümhuriyyəti elan edəcəyik" deyir.

Səhəri gün – oktyabrın 29-da Atatürk hazırladığı proqramı məclisə təqdim edir və layihə təsdiqlənir. Həmin gündən Türkiyə Cümhuriyyəti adını tarixə yazdırır və təbii ki, Atatürk Cümhuriyyətin ilk prezidenti seçilir. Həmin gecə isə toplardan açılan 101 yaylım atəşi ilə bu qərar qeyd edilib. Növbəti ildən başlayaraq isə 29 oktyabr tarixlərində el şənlikləri, rəsmi qəbullar təşkil olunur. Amma bu günün rəsmən bayram elan olunmasına gəlincə, bu barədə qərar TBMM-də 1925-ci il aprelin 19-da qəbul edilib.

 

P.S. «Həftə içi» qəzetinin kollektivi olaraq Cümhuriyyət Günü münasibətilə qardaş türk xalqını, eləcə də Türkiyənin ölkəmizdəki səfirliyinin başda hörmətli səfir Cahid Bağcı olmaqla bütün əməkdaşlarını təbrik edir, onlara uğurlar arzulayırıq. Bayramınız mübarək!