Türkiyə Statistika İnstitutu (TÜİK) 2025-ci il əhali məlumatlarını rəsmi olaraq açıqlayıb. Məlumatlara görə, Türkiyədə yaşayan əhali 31 dekabr 2025-ci il tarixinə olan məlumata görə, 86 milyon həddini keçərək yeni rekord qırıb.
Hafta.az yazır ki, illik əhali artım sürəti 2024-cü ildə min nəfərə düşən 3,4-dən 2025-ci ildə min nəfərə düşən 5-ə yüksəlib. Ümumi əhalinin 50,02 faizini (43 milyon 059 min 434 nəfər) kişilər, 49,98 faizini (43 milyon 032 min 734 nəfər) isə qadınlar təşkil edib.
Ölkədə yaşayan xarici əhalinin sayı əvvəlki ilə nisbətən 38968 nəfər artaraq 1 milyon 519 min 515 nəfərə çatıb. Bu əhalinin 49,3 faizini kişilər, 50,7 faizini isə qadınlar təşkil edib.
İstanbul 15 milyon 754 min 53 nəfərlə Türkiyənin ən çox əhalisi olan şəhəri adını qoruyub saxlayıb. İstanbulu ardıcıllıqla aşağıdakı şəhərlər izləyir:
Ankara 5 milyon 910 min 320 nəfər, İzmir 4 milyon 504 min 185 nəfər, Bursa 3 milyon 263 min 11 nəfər, Antalya 2 milyon 777 min 677 nəfər.
Türkiyədə ən az əhalisi olan şəhər 82836 nəfərlə Bayburtdur. Bayburtdan sonra 86044 nəfərlə Tunceli, 90879 nəfərlə Ərdəhan və 141702 nəfərlə Gümüşhanə gəlir. Diqqətəlayiq digər bir detal isə 2025-ci ilə qədər ümumilikdə 33 əyalətdə əhalinin azalmasıdır.