“Türkiyə ilə Misirin birgə addımlar atması mütləqdir” – Ləvənt Ersin Orallı

09:10 05.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə və Misir münasibətlərin normallaşması istiqamətində çox vacib addım atdı. Ölkələr qarşılıqlı olaarq səfir təyin ediblər. Son addım bu iki böyük ölkənin münasibətləri hara aparır? İki ölkə arasındakı yaxşı münasibətlər regionun balansını dəyişəcəkmi, enerji sahələrində iş birliyi yenidən qurulacaqmı, Ərdoğan-Sisi zirvəsi olacaqmı?

Bütün bu suallara cavab verən Beynəlxalq Əlaqələr üzrə mütəxəssis, siyasi elmlər doktoru Ləvənt Ersin Orallı bildirib ki, bu coğrafiyanın iki qədim xalqı və iki böyük dövlətin həm Aralıq dənizinin sabitləşməsi, həm də enerji qaynaqlarının tədarükü və təhlükəsizliyi baxımından bir-biri ilə daimi təmasda olması, koordinasiyalı addımlar atması qaçınılmazdır.

“Son 10 ildə Türkiyənin Misirdəki mövcud hökumətlə münasibətləri xeyli geriləyib. Ancaq qalıcı düşmənçilik və daimi dostluq olmadığına dair qiymətləndirməyə əsaslanaraq bu coğrafiyada Yunanıstan, Fransa və Kipr tərəfi arasında ittifaqın Misirin suverenlik sahəsinə zərər verdiyini və dəniz yurisdiksiyasını açıq şəkildə daraltdığını gördük. Ona görə də Türkiyə ilə Misirin yaxınlaşması, Suriya ilə mövcud böhranın həlli və Livanla dialoq məsələsinin əhəmiyyətli dərəcədə irəli getməsi çox vacibdir. Bu inkişaflar Şərqi Aralıq dənizinin enerji ehtiyatlarının yenidən bölüşdürüləcəyini və hər bir dövlətə öz kontinental şelfinə və müstəsna iqtisadi zonasına nisbətdə ədalətli suverenlik veriləcəyini ortaya qoyur” deyən Orallının fikrincə, Aralıq dənizi enerji ehtiyatları hövzəsini ədalətli şəkildə yenidən bölüşdürmək bu coğrafiyanın taleyidir ki, bu da Türkiyə və Misirin əməkdaşlığı və Şimali Kipr Türk Respublikasının tanınması ilə nəticələnəcək.

Orallı deyib ki, Türkiyənin Misirlə diplomatik əlaqələrinin son bir neçə ildə əvvəlcə aşağı səviyyələrdə, sonra kəşfiyyat kontekstində, daha sonra isə dəniz yurisdiksiya ərazilərinin xəritələşdirilməsi ilə yavaş-yavaş yenidən gücləndiyi görülür.

“Ancaq prosesi bir az da irəli aparmaq lazımdır. Türkiyə və Misirin iqtisadi və diplomatik baxımdan yüksək səviyyədə əlaqələr qurmaq öhdəliyi var, ilk növbədə xarici işlər nazirləri və bir müddət sonra dövlət başçıları görüşəcək. Liviyanın ərazi bütövlüyü, qərb dünyasının gözləntilərini qarşılamağın mümkün olmadığı, hər coğrafiyanın və hər millətin öz müqəddəratını təyinetmə hüququna malik olmasının vacib bir ifadə nöqtəsidir. Hazırda qanuni hakimiyyət mövqeyində olan Sisi ilə uzunmüddətli düşmənçilik mövqeyi tutmağın heç bir faydası yoxdur. Belə bir münasibət Türkiyə üçün təkcə münasibətlər baxımından deyil, Aralıq dənizindəki enerji qaynaqları və Liviyanın ərazi bütövlüyü baxımından da mənasız itkiyə səbəb olacaq. Bu baxımdan Türkiyə-Misir əlaqələrini həm Liviyanın ərazi bütövlüyünün təmini nöqtəsində, həm revizə edilə bilən, zaman-zaman təxirə salınan, amma yenidən qurulması lazım olan planlar çərçivəsində gücləndirmək lazımdır. Misir administrasiyası ilə Türkiyə arasında möhkəm əlaqələrə salam demək regionda sabitliyin və təhlükəsizliyin bərpası üçün çox vacibdir”, - deyib politoloq.

Cənab Orallı bildirib ki, xarici siyasət kontekstində ortaya çıxan müzakirələr prosesi danışıqlar masası arxasında daha güclü zirvə toplantısının bərpası və bu nöqtədən etibarən dövlət başçılarının daha sıx təması üçün ilkin addımdır...

Onun sözərinə görə, iki dövlətin turizm, ixrac-idxal rejimləri, Yaxın Şərq və Şimali Afrikanın təhlükəsizliyi, miqrasiya yollarının və enerji resurslarının yenidən bölüşdürülməsi baxımından birgə addımlar atması mütləqdir. Çünki iki dövlətin razılaşa bilmədiyi hər hansı layihə bu coğrafiyada ideyadan praktikaya keçə bilməz.

“Türkiyə və Misir bu coğrafiyada uzun illərdir mövcud olan əlaqələrin iki qurucu elementidir. Afrikanın şimalında, İslam və ərəb coğrafiyasında Misirin əhəmiyyəti göz qabağındadır. Türkiyənin geosiyasi mövqeyi və Qərb dünyasına açılan qapı rolu da göz önündədir. Onun tədricən tarazlıq diskursuna keçməsi və sonra bərqərar olması lazımdır”, - o deyib.

Siyasət rubrikasından digər xəbərlər