Türkiyə turizm gəlirlərinə görə dünyada beşinci ölkədir

10:45 14.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq audit və konsaltinq şirkəti EY (Ernst & Young) "Turizm Sektorunun Qiymətləndirilməsi 2023" hesabatını dərc edib. Hesabatda turizm və otelçilik sənayesinin son vəziyyəti və bu sahədə dəyişən tendensiyalar müzakirə olunub. 

Hafta.az-ın yazdığına görə, hesabatda qeyd olunan mühüm hadisələrdən biri də İstanbulda keçirilən Çempionlar Liqasının finalı olub. İyunun 10-da "İnter" və "Mançester Siti" arasında keçirilən bu matç şəhərə təxminən 75 milyon avro və ya 80 milyon dollar iqtisadi töhfə verib.

2022-ci ildə 51 milyon ziyarətçini qəbul edən Türkiyə dünyanın ən çox turist qəbul edən 5-ci ölkəsi olub. 2023-cü ilin birinci yarısında bu rəqəm 21 faiz artaraq 22 milyona çatıb. Ziyarətçilərin əksəriyyəti səyahət, əyləncə, idman və mədəni fəaliyyət üçün gəlirdi.

2023-cü ilin ilk yarısında Türkiyəyə ən çox turist göndərən ölkə yenə Rusiya olub. Rusiyalı turistlərin sayı 34 faiz artaraq 5,2 milyona çatıb. Almaniya və İngiltərədən gələn turistlərin sayı da xeyli artıb.

İstanbul 2023-cü ilin ilk yarısında 11 milyon 524 min xarici ziyarətçi qəbul edərək rekord qırıb. Ziyarətçilərin sayına ən böyük töhfəni Rusiya, Almaniya, İran, ABŞ və Səudiyyə Ərəbistanı verib.

İstanbul 2022-ci ildə 16,02 milyon xarici turisti qəbul edib.

Hesabata əsasən, Türkiyənin turizm gəlirləri 2023-cü ilin ilk yarısında 27 faiz artımla 21,7 milyard dollara yüksəlib.