Türkiyədəki rus turistlər “qorxudan oteldən çıxmırlar”

10:05 24.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yanvar-avqust dövründə Türkiyəyə gedən rusiyalı turistlərin sayı keçən illə müqayisədə 6 faiz artsa da, Rusiya mətbuatının yazdığına görə, Türkiyədə qiymət artımı səbəbindən rusiyalı turistlərin otellərini daha az tərk etdiyi müşahidə edilir.

Hafta.az-ın yazdığına görə, Rusiya Turizm Sənayesi Assosiasiyasının (RST) açıqladığı məlumatda deyilir ki, turistlər restoran və mağaza qiymətlərinin artması səbəbindən “hər şey daxil” və “ultra hər şey daxil” sistemlərinə üstünlük verir və otellərdə qalırlar.

Travelata.ru saytının verdiyi məlumata görə, bu il kurortlara gələn turistlərin sayı azalıb. “Hər şey daxil” paketinə üstünlük verən turistlərin nisbəti 2023-cü ildə 68 faiz olduğu halda, bu il bu nisbət 67 faiz olaraq qeydə alınıb. İstirahətçilər çöldə pul xərcləməmək üçün otellərin təklif etdiyi bu paketlərə üstünlük verirlər.

Açıqlamalara görə, Türkiyədə tətil xərcləri keçən illə müqayisədə 23 faiz artaraq orta hesabla 226 min rubla çatıb. Lakin son iki ildə restoranlarda qiymətlər 5 dəfə artıb. Bu artımın əsas səbəbinin inflyasiya və ərzaq məhsullarının bahalaşması olduğu göstərilir.

Artan qiymətlər xüsusilə ət kimi əsas ərzaq məhsullarında özünü büruzə verir və turistlər bayram zamanı əlavə xərclərdən qaçmaq üçün otellərinin təklif etdiyi yemək variantları ilə kifayətlənməyə üstünlük verirlər.